Qazaxıstanın Xalq yazıçısı, görkəmli şair və ictimai xadim Oljas Süleymenov Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

"Unikal" xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Sizi fevralın 7-də keçirilmiş seçkilərdə qələbəniz münasibətilə təbrik edirəm.

Seçkilərdən əvvəlki dövrdə Sizin və bütün xalqınızın xidmətləri bu qələbəni şərtləndirib. Bu, Qara Bağdan indi inamla Böyük Bağa çevrilən Qarabağda qazanılan Qələbənin əks-sədasıdır.

Qoy Sizin bütün təşəbbüsləriniz həmişə “böyük” kəlməsi ilə müşayiət olunsun!

Sizə cansağlığı və uzun ömür arzulayıram".

*** 

Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakava Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

"Unikal"ın məlumatına görə, məktubda deyilir:

"Zati-aliləri.

Yenidən Azərbaycan Prezidenti seçilməyiniz münasibətilə Asiya İnkişaf Bankı adından Sizə ən səmimi təbriklərimi çatdırıram.

Sizin Azərbaycanın inkişafı ilə bağlı baxışlarınız gələcəyə hesablanmışdır. Bu il Asiya İnkişaf Bankı ölkənizlə tərəfdaşlığın 25-ci ildönümünü qeyd edir və biz Sizin rəhbərliyinizlə bu strateji tərəfdaşlığı davam etdirməyi səbirsizliklə gözləyirik.

Ötən ilin dekabrında Sizə ünvanladığım məktubumda mən Azərbaycanı COP29-un ev sahibi və sədri seçilməsi münasibətilə təbrik etmişdim. O vaxtdan bəri COP29-un uğurlu və yaddaqalan şəkildə keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Hökumətinin gördüyü təqdirəlayiq tədbirlər, o cümlədən bu yaxınlarda ölkənin “Qlobal Metan Vədi” təşəbbüsünə qoşulması barədə məlumat almışam. Noyabr ayında Sizinlə görüşməyi səbirsizliklə gözləyirəm.

Sizə yeni prezidentlik dönəminizdə uğurlar arzulayıram. Asiya İnkişaf Bankının Azərbaycanın tərəqqisini və ölkədə “yaşıl inkişaf”ı dəstəkləməsinə sadiqliyini bir daha təsdiq edirəm. Sizə ən yüksək ehtiramımı bildirirəm".

*** 13:25

Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Unikal" xəbər verir ki, təbrik məktubunda deyilir:

"Zati-aliləri.

Partiyamız, hökumətimiz və Laos xalqı adından, eləcə də öz adımdan Azərbaycan xalqının Sizə, həmçinin hakim Yeni Azərbaycan Partiyasına inam və etimadının nəticəsi olaraq yenidən Prezident seçilməyiniz münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırıram.

Əminəm ki, Sizin müdrik rəhbərliyinizlə Azərbaycan Respublikası bütün sahələrdə inkişaf etmiş dövlətlər sırasına daxil olaraq daha da qüdrətli ölkəyə çevriləcəkdir.

Ümidvaram ki, Laos Xalq Demokratik Respublikası ilə Azərbaycan Respublikası, eləcə də Laos Xalq İnqilab Partiyası və Yeni Azərbaycan Partiyası arasında dostluq və yaxşı əməkdaşlıq əlaqələri xalqlarımızın rifahı naminə daha da möhkəmlənəcək və inkişaf edəcəkdir.

Bu fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, şərəfli işlərinizdə daha böyük uğurlar arzulayıram. Qoy iki partiyamız və Laos Xalq Demokratik Respublikası ilə Azərbaycan Respublikası hökumətləri arasında dostluq əlaqələri daha da güclənsin və tərəqqiyə xidmət etsin!

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

***13:05

Zambiya Respublikasının Prezidenti Hakainde Hiçilema Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Unikal" xəbər verir ki, təbrik məktubunda deyilir:

“Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zambiya Respublikasının Hökuməti və xalqı adından Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Sizin yenidən dövlət başçısı seçilməyiniz Azərbaycan xalqının müdrik rəhbərliyinizə və ölkəni daha böyük tərəqqiyə doğru aparmaq üçün uzaqgörənliyinizə bəslədiyi inamın və etibarın əyani təsdiqidir. Yeni səlahiyyət müddətinizə başlayarkən mən Zambiya Hökumətinin ölkələrimiz arasında əməkdaşlığı möhkəmləndirmək üçün Azərbaycan Hökuməti ilə sıx əməkdaşlıq etmək istəyini bir daha təsdiq edirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul edin. Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə firavanlıq arzulayıram”.