Azərbaycanın xarici siyasət strategiyasının prioritet istiqamətlərindən birini Türk dövlətləri ilə mövcud münasibətləri daha da inkişaf etdirmək, əlaqələri bütün sahələr üzrə genişləndirmək təşkil edir. Xüsusilə, son illərdə bu aspektdə görülən işlər davamlı xarakter daşıyır, dövlət başçıları səviyyəsində təşkil olunan qarşılıqlı səfərlər, imzalanan sənədlər qarşıda yeni əməkdaşlıqlar üçün zəmin yaradır. Yenidən dövlətimizin başçısı seçilən İlham Əliyev andiçmə mərasimində bu barədə danışarkən vurğulayıb ki, bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır.

Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən regionun Türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir.  Azərbaycan Qazaxıstanla etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlər ilə sıx bağlıdır. Tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır. Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında əlaqələrin əsasını təşkil edir. Ölkələrimizin ənənəvi dostluq və qardaşlıq əlaqələri əsrlərə söykənir. Təsadüfi deyil ki, hazırda Qazaxıstanda iki yüz minə qədər azərbaycanlı yaşayır. Onlar bu ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində çalışır, ictimai-siyasi həyatda yaxından iştirak edirlər. Bu baxımdan, 11 mart tarixində Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri bir sıra vacib sənədlərinin imzalanması, mühüm məsələlər üzrə aparılan danışıqlar və razılaşmalar dostluq münasibətlərini daha da dərinləşdirəcək, əlaqələrimizdə yeni perspektivlər açacaq. Dövlətimizin başçısı İlham Əliyev mətbuata bəyanatla çıxışı zamanı nəqliyyat-tranzit məsələsinə də toxundu. Bildiyimiz kimi, dünyada baş verən mürəkkəb proseslər fonunda Orta Dəhlizin rolu artmaqdadır və bu layihə artıq öz gücünü göstərib.

Azərbaycan artıq Mərkəzi Asiya üçün öz enerji potensialının Türkiyə və Qərbə realizəsində mühüm tərəfdaşdır, həmçinin qardaş dövlətlərimizin siyasi və iqtisadi müstəqilliyində de-fakto zəmanətçi kimi çıxış edir. Zamanında Prezident İlham Əliyevin bütün maneələrə baxmayaraq böyük uzaqgörənliklə reallaşdırdığı transmilli layihələrin də əsl əhəmiyyəti məhz bu çətin məqamlarda bir daha üzə çıxdı. Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi tikilib. Bu addım Azərbaycan Prezidenti və xalqı tərəfindən də yüksək qiymətləndirilir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana dövlət səfərindən əvvəl verdiyi müsahibədə Füzuli şəhərindəki Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin ölkələrimizin və xalqlarımızın dostluğunun, qardaşlığının, qarşılıqlı dəstəyinin daha bir simvoluna çevriləcəyini deyib. Onu da qeyd edim ki, Azərbaycanla Qazaxıstan arasında parlamentlərarası əlaqələr də uğurla inkişaf edir. Hər iki ölkənin qanunverici orqanlarında dostluq qrupları fəaliyyət göstərir. Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Milli Məclisin sədri xanım Sahibə Qafarova ilə görüşündə bu məsələ xüsusilə vurğulanıb.

Milli Məcisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov