Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi Yaponiyanın qəzalı vəziyyətdə olan “Fukusima-1” atom elektrik stansiyasına baxış keçirib və oradan təmizlənmiş suyun okeana axıdılması prosesini müşahidə edib.

"Unikal" xəbər verir ki, bu barədə Yaponiyanın ictimai televiziyası məlumat yayıb.

Daha sonra jurnalistlərə açıqlama verən Qrossi boşaldılan suyun göstərilən parametrlərə uyğun olduğunu bir daha təsdiqləyib və Yaponiya tərəfinin işini yüksək qiymətləndirib.

"Suyun axıdılması uzun bir yoldur, amma düşünürəm ki, ona yaxşı başlanğıc verilib. MAQATE prosesin gedişatını izləməyə davam edəcək", - deyə o qeyd edib ki, agentlik atom elektrik stansiyasından axıdılan su nümunələrinin müstəqil təhlilini aparır, onun göstəriciləri gözlənildiyi kimi parametrlərə uyğundur.

Qeyd edək ki, 2011-ci ilin martında sunami “Fukusima-1” atom elektrik stansiyasının enerji və soyutma qurğularını zədələmişdi. Bu, üç reaktorda nüvə yanacağının əriməsinə və böyük miqdarda radioaktiv maddələrin buraxılmasına səbəb olmuşdu.

Hazırda AES-in ərazisində 1,34 milyon tondan çox su yığılıb. Bununla əlaqədar Yaponiya hökuməti tədricən təmizlənmiş suyu okeana buraxmaq qərarına gəlib. Bu əməliyyat 30-40 il çəkəcək.