Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Rişi Sunak Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə XI Qlobal Bakı Forumu münasibətilə təbrik məktubu yollayıb.
"Unikal" xəbər verir ki, məktubda deyilir:
"Hörmətli Prezident Əliyev.
XI Qlobal Bakı Forumu münasibətilə Sizi təbrik edirəm.
Bu Forum əhəmiyyətli bir dönəmdə keçirilir. Bakı noyabrda COP29-a ev sahibliyi edəcək və bütün dünyanın diqqəti heç vaxt olmadığı qədər Azərbaycana yönələcək. Bilirəm ki, ölkəniz bu çağırışın öhdəsindən layiqincə gələcək və ənənəvi qonaqpərvərliklə mükəmməl tədbir təşkil edəcəksiniz.
Dubayda COP28 çərçivəsində keçirilmiş qlobal dəyərləndirmə təcili fəaliyyətə ehtiyac olduğunu nümayiş etdirdi. Bu il razılaşdırdığımız iddialı öhdəliklərin həyata keçirilməsi baxımından diqqət Azərbaycanın üzərində olacaq. Biz birlikdə mərhələli şəkildə yanacaq enerji növlərindən və davamlı kömür istifadəsindən imtina yolu ilə enerji keçidlərini irəlilətməli və qlobal tullantıları azaltmalıyıq. Biz, həmçinin həssas ölkələrin iqlim dəyişmələrinə dayanıqlılığını artırmağa davam etməliyik. Neft və qaz hasilatçısı olan Böyük Britaniya qlobal istiləşmənin 1,5 dərəcəyə qədər məhdudlaşdırmağa dair Paris öhdəliyinə əməl edərək xalqlarımızın və planetimizin gələcəyini təmin edəcək ədalətli enerji keçidi kursunun təyin olunmasının zəruriliyini başa düşür.
COP29-da maliyyə mənbələrinə diqqət yetiriləcək. İqlim dəyişmələri ilə mübarizə üçün milyardlardan trilyardlara keçmək məqsədilə iqlimin maliyyələşdirilməsi (NCQG) üzrə kollektiv kəmiyyət hədəfinə dair konsensusa nail olmaq istiqamətində müsbət nəticə əldə etməliyik. Böyük Britaniya hər bir COP tədbiri zamanı əvvəlki ilə müqayisədə daha iddialı hədəflərin qarşıya qoyulması üçün Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri və Braziliya ilə əlaqələndirilmiş şəkildə fəaliyyət göstərmək imkanını alqışlayır. Biz bu tədbirə hazırlıq mərhələsində COP26-nın Qlazqoda keçirilməsi ilə bağlı əldə etdiyimiz təcrübəni Azərbaycanla bölüşməyə hazırıq.
Azərbaycan bütün dünyada yüksək qiymətləndirilən ticarət yolları üzərində yerləşir. Böyük Britaniya Xəzər dənizindən Mərkəzi Asiyaya və Türkiyədən Qara dənizə və Avropaya yeni bağlantıların açılmasına dəstək verməyə davam edəcək. Bugünkü Qlobal Bakı Forumunda Sizin qonaqlarınız BMT-nin Nizamnaməsində təsbit olunmuş ortaq təhlükəsizliyimizi və firavanlığımızı müdafiə edən, həmçinin bu gün bir çox tərəflərdən təzyiqlərə məruz qalan həmin ümumi prinsiplər və dəyərlər barədə düşünə bilərlər.
Azərbaycan öz gələcəyinin keçid mərhələsindədir. Bu dönəmdə Sizin Ermənistanla onilliklərlə davam edən münaqişəyə son qoymağınız üçün tarixi şansınız var. Dünya Sizin dekabr ayındakı birgə bəyanatınızı alqışladı; bu ilin noyabrında Bakıya gələrək sülh sazişi imzalamaq, Cənubi Qafqaz ölkələrinin iqlim və enerji, su və ərzaq təhlükəsizliyi kimi ortaq çağırışlara qarşı birlikdə mübarizə aparmaq öhdəliyini qəbul etmələri çox yaxşı olardı.
Belə fürsətlərin açıq qalacağını və ya yenidən olacağını deyə bilmərik. Bəziləri hamının maraqlarına xidmət edən, əziyyətlə qazanılmış sülh və əməkdaşlıq əvəzinə, dünyanı yenidən silahlı münaqişəyə və rəqabətə sürükləməyi üstün tutur. Dünyanın bu həssas və qeyri-müəyyən dönəmində biz Azərbaycanın sabitliyi və müəyyənliyi təmin edəcək fürsətdən faydalanmasını gözləyirik.
Böyük Britaniya ilə Azərbaycan arasında əlaqələr ortaq maraqlarımız, qarşılıqlı firavanlıq və təhlükəsizlik naminə dərinləşməyə və genişlənməyə davam edir. 2024-cü ilin sonunda COP29-un uğurla keçirilməsi üçün Böyük Britaniya Azərbaycanın yanında olacaq. Ümid edirəm ki, o vaxtadək Siz Ermənistanla davamlı sülhə nail olacaqsınız və biz iki ölkə arasında tərəfdaşlıq, əməkdaşlıq üçün yeni dövrü alqışlaya biləcəyik. Hamınıza məhsuldar müzakirələr arzulayıram".