Zimbabvedə özünü peyğəmbər elan edən 56 yaşlı İmail Çokurongerva uşaqlara qarşı zorakılıqda ittiham olunub.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Zimbabve polisi dini lider Çokurongervanın fermasında əməliyyat keçirib. 

Əməliyyat zamanı fermada saxlanılan 251 uşaq xilas edilib.  "Peyğəmbər" azyaşlılardan təriqət maraqları üçün ucuz işçi qüvvəsi kimi istifadə etdiyini açıqlayıb. 

246  uşağın doğum haqqında şəhadətnaməsinin olmadığı ortaya çıxıb.  Bununla yanaşı, polislərin fermada apardığı araşdırma nəticəsində adsız qəbirlər aşkarlanıb. Hadisədən dərhal sonra dini lider həbs edilib. 

Məlumata görə, əməliyyatın keçirildiyi Çokurongervanın ferması paytaxt Hararedən 34 kilometr şimal-qərbdə yerləşir. Səlahiyyətlilər təsərrüfatdan xilas edilən uşaqların formal təhsil almadıqlarını və "dini rəhbərliyinin xeyrinə işlədildiklərini" bildiriblər. 

Əraziyə baxmaq üçün gedən jurnalistlərə danışan bir təriqət rəhbəri isə Allah uşaqların məktəbə getməsini qadağan etdiyini bildirib. O, həmçinin Çokurongervanın fermasında yüzlərlə ailə saxladığını və bu insanların xarici aləmlə əlaqə saxlamasının qarşısı alındığını deyib.

Çokurongerva ölkədəki Apostol (Həvari) kilsələrinnə rəhbərlik edirmiş. Bu kilsələr uşaq evliliyini müdafiə edir. Müasir təbabəti də rədd edən bu kilsələr ibadətlərini açıq havada keçirməyə üstünlük verirlər.

Çokurongervanın davamçıları dünyanın sonu olduğuna inanırlar.

Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, Zimbabvedə bu kilsələrə təxminən iki milyon insan gedir. Bu, əhalinin 6 faizinə bərabərdir.

Gülayə Mecid