Ötən ilin martın 28-də Milli Məclisinin deputatı Fazil Mustafaya qarşı yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törətməkdə təqsirli bilinən Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.
Şahid qismində ifadə verən Elməddin Əliyev bildirib ki, Səbail Rayon Polis İdarəsində polis serjantı rütbəsində işləyir: "Mən Zabrat qəsəbəsində yaşayıram. Atəş səsinə küçəyə çıxdım. Yol ilə getdim ki, görüm, nə baş verib. Bu zaman qarşımdan bir nəfər keçdi. Həmin şəxs həyacanlı deyildi, çox soyuqqanlı idi. Həmin şəxsi keçəndən sonra dayanıb geriyə baxanda çiynində boz çanta olduğunu gördüm. Həmin şəxs hündürboy, kepkalı oğlan idi".
Elməddin Əliyevin istintaqa verdiyi ifadəsi də açıqlanıb. Həmin ifadədən görünür ki, məlum hadisə günü növbədən çıxıb və Zabrat qəsəbəsində yaşayan evinə gəlib:
"Saat 21.05 olardı. Paltarımı dəyişdim, sonra atamla 10 dəqiqə söhbət etdim. Daha sonra evinin zirzəmisinə düşəndə küçədən atəş səsi eşitdim. Birinci atəşdən sonra ardıcıl atəş səslər gəldi. Polis olduğum üçün küçəyə çıxdım ki, görüm nə baş verir. Əsas yola qədər getdim, avtomobil yolunda dayandım. Heç nə görmədim. Orada 30 saniyə dayananadan sonra geri qayıtdım. Bu zaman qarşıdan bir nəfərin gəldiyini gördüm. Həmin şəxs yanımdan keçəndən sonra yerə tüpürdü. Həmin şəxs küçənin sakini olsaydı, mənə salam verərdi. Buna görə də geri dönərək ona baxdım. Onun belində çanta var idi. Çox soyuqqanlı idi. Mən heç nə bilmədim, evə gəldim. Sonra küçədə polis maşınlarının səsini eşitdim. Küçəyə çıxanda çoxlu polis var idi. Bu zaman hadisənin baş verməsini öyrəndim".
Daha sonra təqsirləndirilən şəxs Səbuhi Şirinovun Binəqədi rayonunda yaşadığı evdə axtarış-əməliyyat tədbirlərini aparılması zamanı iştirak edən hal şahidləri ifadə verib. Onlar bildiriblər ki, evdə aparılan əməliyyat zamanı hal şahidi qismində iştirak ediblər. Onlar deyiblər ki, əməliyyatçılar evdən dini kitablar, 15 min manat pul aşkar ediblər. Hal şahidlərinin sözlərinə görə, həmin tapılan kitablar və pul aktlaşdırılıb, onlarda həmin tərtib olunan akta imza ediblər.
Bundan sonra şahid qismində İslam Rzayev ifadə verib. O bildirib ki, 1992-ci ildən hərbçi olub, 2-ci Qarabağ müharibəsinin qazisidir. Şahid deyib ki, Zabrat qəsəbəsində yaşayır: "Hadisə günü, axşam evdə olanda silah səsi eşitdim. 6-7 dəfə güllə səsi gəldi. Tək-tək atəş açılmışdı. Səsini hansı kalibrli silaha aid olduğunu bildim. Mən neçə il hərbiçi olduğum üçün anlayıram ki, hansı silahdan, hansı silaha aid olduğunu bilirəm. Güllə səsindən həmin silahın 7.62 kalibr olduğunu anladım. Mən hal şahidi yox, səs şahidi olmuşam".
Növbəti proses martın 29-da davam edəcək.
Qeyd edək ki, hadisə ötən ilin martın 28-də baş verib. Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.
Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanılıb.
Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib.
Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Emin Əliyarov, Rəşad Əhmədov, Azər Sərucanov, Elşad Əsgərov, Səbuhi Şirinovun barəsində ittiham elan edilib.
Azər İsrafilov