"Keçmişdə adət-ənənələr daha möhkəm idi, qohumluqlar adət-ənənələr üzrə qurulurdu. Valideynlər, nəsillər bir-birini tanıyır və qəbul edirdi. Hətta bir-birinin səhvlərini keçirdilər. Ailələr buna görə möhkəm idi. İnsanlar bir-birinə dözürdülər. Yalnız özlərinin eqoist maraqlarını deyil, ailənin, nəslin adını, şərəfini daha çox qoruyurdular".

Bunu "Unikal"a açıqlamasında deputat Tahir Kərimli deyib. Onun sözlərinə görə, indi boşanandan sonra deyir ki, güclü qadınam, uşağı tək saxlaya bilərəm və aliment davası edir:

"Boşanmalar adiləşib. Avropadan bizə gəlmə belə bir məsələ var ki, sanki onların həyat tərzini qəbul edirik. Bu, cəmiyyətin böyük deqradasiyasıdır. Azərbaycandakı ailə modelini dağıtmaq Qərbin birinci dərəcəli marağıdır. Ailə ilk, dövlət isə ali təşkilatdır. Ailə dağılandan sonra özünü sərbəst hiss edənlər qeyri-əxlaqi yollara daha çox gedirlər. Avropa, ABŞ qəbul edib ki, nikah şəhadətnaməsində birinci və ikinci valideyn yazırlar. Ata-ana qrafası yoxdur. Yəni, ata və analıq vacib sayılmır. Bunlar bizim ən möhkəm, ulu və müqəddəs hissimizi ayaq altına alıb tapdalamaq istəyirlər. Bunun qarşısı alınmalıdır. Bəzən televiziyalar, sosial şəbəkələr və bəzi həyasını itirmiş insanların şəxsi nümunəsi ilə buna nail olurlar".

Qeyd edək ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2024-cü ilin yanvar ayında 1729 boşanma halı qeydə alınıb. Bu isə bir gündə 55 ailənin boşanması deməkdir.

Anar Kəlbiyev