Azərbaycan xalqının milli-mənəvi, maddi və mədəni dəyərlərinə sədaqət rəmzi olan Novruzun-Yeni günün gəlişi münasibətilə Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi (DTA) Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı və  Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) dəstəyi ilə “Yurdumuza bahar gəlir” adlı bayram festivalı keçirilib.

"Unikal" xəbər verir ki, bayram tədbirində ATMU-nun rektoru İlham Mədətov təbrik çıxışında qeyd edib ki, təbiətin oyanışının carçısı sayılan Novruz bayramı Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu, fəlsəfəsini ehtiva edir.

Eyni zamanda milli-mənəvi dəyərlərimizin, yüksək bəşəri ideyaların daşıyıcısı sayılır. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə suverenliyimizin tam bərpasından sonra Novruz tonqallarının Qarabağımızın bütün guşələrində alovlanması günümüzün reallığına çevrilib. Bayram ovqatının bütünləşən torpaqlarımızda qürur hissi ilə yaşandığını deyən rektor bununla da ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizin ruhunun şad olduğunu diqqətə çatdırıb.

“Yurdumuza bahar gəlir” adlı bayram festivalında universitet tələbələri Novruzun gəlişini xoş ovqat yaradan mahnıların müşayiətilə yallı gedərək, milli birlik və həmrəyliyimizi ifadə ediblər. Bayram əhval-ruhiyyəli səhnəciklərlə qeyd edilən tədbirdə Azərbaycanın tanınmış müğənnilərinin ürəkaçan ifası şənliyi daha da rəngarəng edib.