Azərbaycanın xarici siyasətinin prinsipləri dəyişməzdir. Bu prinsiplərin əsas məğzi ondan ibarətdir ki, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr quran Azərbaycan heç bir dövlətin daxili işlərinə müdaxilə etmir, eyni zamanda, özünün daxili işlərinə müdaxiləni yolverilməz sayır. Rusiya-Azərbaycan əlaqələrinin hazırkı inkişaf səviyyəsi bu baxımdan bütün dünya dövlətlərinə nümunə ola bilər. Artıq strateji tərəfdaşlıq səviyyəsinə yüksələn bu münasibətlər hazırda yeni istiqamətlər üzrə uğurla inkişaf edir. Ölkələrimizin mehriban qonşuluq və sarsılmaz dostluq münasibətlərinə söykənən əlaqələrinin inkişafında qarşılıqlı surətdə imzalanan sənədlərin hüquqi baza rolunu oynadığını nəzərə alanda Azərbaycan ilə Rusiya arasında 2022-ci ildə imzalanmış Müttəfiqlik haqqında Bəyannamənin əhəmiyyətinin özünü daha aydın şəkildə büruzə verdiyini görməmək mümkün deyil. Ümumilikdə Azərbaycan-Rusiya münasibətləri zəngin tarixə malikdir və xalqlarımızı yuxarıda qeyd etdiyim kimi, mehriban qonşuluq münasibətləri birləşdirir.
Şübhəsiz, bütün bunları qeyd etməyimiz səbəbsiz deyil. Məlum olduğu kimi, martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Crocus City Hall” konsert zalında xeyli günahsız insanın ölümü və yaralanması ilə nəticələnən dəhşətli terror aktı törədildi. Özü zaman-zaman erməni terrorundan əziyyət çəkən, daim beynəlxalq terrorizmə qarşı mübarizənin ön sıralarında olan, bu siyasətini sözdə deyil, əməldə sübut edən Azərbaycan xalqı və dövləti qonşu Rusiyada baş verən qanlı hadisəni böyük narahatlıq və ürək ağrısı ilə qarşıladı. Martın 24-də Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefon zəngi zamanı “Crocus City Hall” konsert zalında törədilmiş dəhşətli terror aktı nəticəsində xeyli sayda insanın həlak olması ilə bağlı öz adından və Azərbaycan xalqı adından ona, Rusiya xalqına, həlak olanların ailə üzvlərinə və yaxınlarına bir daha başsağlığı verdi, bütün yaralananların tezliklə sağalmasını arzuladı. Dövlət başçısı Azərbaycan tərəfinin bu dəhşətli terror aktını qətiyyətlə pislədiyini bildirərək ölkəmizin və xalqımızın bu ağır saatlarda Rusiyanın və Rusiya xalqının yanında olduğunu bəyan etdi. Prezidentlər gələcəkdə də beynəlxalq terrorizmə qarşı mübarizədə birgə səylərin davam etdiriləcəyini vurğuladılar.
Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə "Unikal"a açıqlamasında bildirib.
Vüqar Rəhimzadə diqqəti rusiyalı teleaparıcı Vladimir Solovyovun növbəti dəfə iki ölkənin münasibətlərinə kölgə salmaq, xalqlarımız arasında gərginlik yaratmaq cəhdinə yönəldərək bildirib ki, bu üzdəniraq jurnalist terror aktında Azərbaycan izini axtarmaqla bir daha öz çirkin niyyətini nümayiş etdirib. Hadisəni törədən terrorçuların adlarının, milli mənsubiyyətlərinin məlum olmasına baxmayaraq, Solovyov məsuliyyətsizcəsinə həmin şəxslərdən birinin azərbaycanlı ola biləcəyi ilə bağlı əsassız ehtimal irəli sürür. Azərbaycan Mətbuat Şurası Vladimir Solovyovun qərəzli mövqeyini pisləyən bəyanatında bildirir ki, onun “Crocus City Hall”da törədilmiş terrora etnik fon verməsi azərbaycanlıları, ümumən Azərbaycanı hədəfə almaq, Rusiyada etnik münaqişəni alovlandırmaq, həmvətənlərimizə münasibətdə antipatiya yaratmaq cəhdidir. Bu şəxsin hansı dairələrin “sifarişlərini” yerinə yetirdiyi aydındır. Onun erməni əsillilər - rusiyalı jurnalist Marqarita Simonyanla və media maqnatı Aram Qabrielyanovla “işbirliyini” təsdiqləyən faktlar həm Rusiya, həm də Azərbaycan ictimaiyyətinə yaxşı məlumdur. Bəyanatda bu fakt da öz əksini tapır ki, bu “trio” hələ 2016-cı ildə ölkəmizi İŞİD terror təşkilatı ilə əlaqələndirməyə cəhd etmişdi. Solovyovun “Crocus City Hall” olayı ilə bağlı həqiqətdən uzaq, öz şəxsi maraqlarından irəli gələn mülahizələri də onun bugünədək apardığı qərəzli təbliğatın tərkib hissəsidir. Əsas məqsəd Azərbaycan-Rusiya münasibətlərinin hazırkı yüksək səviyyəsinə xələl gətirməkdir.
Baş redaktor onu da bildirib ki, Solovyov bu yanaşması ilə növbəti dəfə erməni təəssübkeşliyini qabarıq şəkildə nümayiş etdirmiş oldu. Onun bu cəhdi təbii ki, Rusiya ictimaiyyətini, qonşu ölkənin cəmiyyətin güzgüsü funksiyasını yerinə yetirməli olan media nümayəndələrini ciddi düşündürməli, iki ölkənin münasibətlərinə xəlil gətirməyə yönələn belə addımlar qətiyyətlə pislənilməlidir.
Vüqar Rəhimzadə bu məqamı da xüsusi qeyd edib ki, Solovyovun ermənipərəst mövqe nümayiş etdirməsi birinci hal deyil. Onun artıq tarixin arxivinə atılmış keçmiş Qarabağ münaqişəsinə yanaşmaları da qərəzdən başqa bir şey deyil. Jurnalistikanı şəxsi alver alətinə çevirən Solovyov kimi təxribatçı ünsürlər unutmamalıdırlar ki, mətbuat cəmiyyətin informasiya tələbatını qərəzə, inkara yol vermədən, obyektiv şəkildə ödəməlidir. Solovyovun fəaliyyətində obyektivliyin deyil, qərəzin və bundan yaranan əsassız ittihamların daha çox yer alması, ən əsası belə addımların davamlı xarakter daşıması müxtəlif sualların yaranmasına səbəb olmaya bilməz. Rusiya hökuməti belə addımlara biganə yanaşmamalıdır. Artıq Solovyovun informasiya təxribatlarının qarşısının alınması vaxtı gəlib çatıb. Azərbaycan Mətbuat Şurasının bəyanatında da Rusiya cəmiyyətində nəhayət, Vladimir Solovyova qarşı zəruri ictimai qınaq formalaşacağına, bu şəxsin əməllərinə layiqli hüquqi qiymət veriləcəyinə inam ifadə edilir.