Ermənistanın Baş naziri Nikol Paşinyan, ABŞ dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula von der Leyen aprelin 5-də Brüsseldə Ermənistanın inkişafı ilə bağlı məsələləri müzakirə etmək üçün görüş keçirəcəklər.
Azərbaycan Xarici İşlər Nazirliyi Brüsseldə keçiriləcək birgə konfransından narahatlığını ifadə edib. XİN-in sözçüsü Ayxan Hacızadə qeyd edib ki, toplantının hərbi komponentləri nəzərdə tutduğuna dair məlumatlar əlavə narahatlıq doğurur.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da Ermənistan-Aİ-ABŞ görüşünü şərh edərkən Rusiyanın bu görüşlərə isti münasibət bəsləmədiyini açıqlayıb:
"Bu cür hadisələr Rusiyada narahatlıq doğurur, çünki ABŞ və Aİ nümayəndələri tərəfdaşlarımıza birbaşa deyirlər ki, onların əsas diqqəti yalnız Rusiyaya qarşıdır. Onlar bunu birbaşa, açıq mətnlə deyirlər”.
Rusiyalı diplomat izah edib ki, bu cür görüşlər regionun əksər dövlətlərində narahatlıq doğurur, çünki onlar Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasına yönəlməyib.
Mövzu ilə bağlı “Unikal”a açıqlama verən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, Rusiya ilə Qərb arasındakı rəqabət pik nöqtəyə çatıb:
“Aprelin 5-də keçiriləcək görüşdə ABŞ-ı və Avropa İttifaqının nümayəndələri Paşinyana sual verəcəklər ki, o doğrudan da, Rusiya ilə əlaqələri kəsmək istəyir? Çünki, bəzi bəyanatlardan sonra real addımlar atılmır. Misal olaraq, Ermənistan dövlətinin rəsmiləri deyirlər ki, guya, onlar KTMT-dən çıxmaq istəyirlər. Digər məsələlərlə bağlı suallara isə ziddiyyətli cavablar verirlər və bildirirlər ki, rus ordusu orada qalacaq.
Həmçinin, Rusiya və Ermənistan arasında hərbi mütəffiqlik barədə xüsusi saziş də mövcuddur. Bəs bunlar nə olacaq? Məsələyə ümumilikdə baxanda görmək olur ki, Ermənistan Rusiya ilə əlaqələrdən və müttəfiqlikdən imtina etmir. Yəni, Paşinyan sadəcə olaraq görüntü yaratmağa çalışır ki, guya onlar Rusiyadan küsüblər. Əslində isə belə deyil.
Fransanın mövqeyi də çox böyük maraq kəsb edir. Onlar Qərbin adından çıxış etmək istəyirlər, amma digər Qərb ölkələrinin mövqeyindən fərqli olaraq onlar özlərinin Cənubi Qafqazdakı mövqelərinin güclənməsini Rusiya ilə birlikdə görürlər. Bir neçə il əvvəl Fransa prezidenti Emmanuel Makron belə bir fikir səsləndirmişdi ki, əgər biz Qafqazda nəyəsə nail olmaq istəyiriksə, gərək Rusiya ilə birlikdə siyasət həyata keçirək. Bu baxımdan, onlar razıdırlar ki, Rusiya ilə bərabər bu regionda öz missiyalarını yerləşdirsinlər.
Paşinyan isə aprelin 5-də keçiriləcək görüşdə ciddi şəkildə cavab verməlidir. Mən hesab edirəm ki, həmin görüş real nəticə verməyəcək, çünki Paşinyan öz oyununu davam etdirəcək. O çalışacaq ki, iki stolun üzərində otursun, amma indiyə qədər buna heç kim nail olmayıb. Paşinyan da buna nail ola bilməyəcək", - deyə o qeyd edib.
Sabiq nazir əlavə edib ki, nəticədə bu böhran davam edəcək:
“Biz başa düşməliyik ki, Rusiya Fransanın təşəbbüsünə dəstək vermir və yaxud bunu hələlik nümayiş etdirmir. De-fakto sərhəddə Avropa missiyası rus sərhədçilərlə əməkdaşlıq edir. Onlardan icazə istəyirlər ki, filan yerə gedək, orada müşahidə həyata keçirək.
İndi “alver” gedir ki, hansı şərtlərlə ruslar Avropa missiyasına, və yaxud Avropa missiyası ruslara hansı şərtlər altında qoşulacaqlar. Biz bu prosesi diqqətlə izləməliyik və başa düşməliyik ki, ermənilərin əsas məqsədi həm rusları orada saxlamaq, həm də Qərbi cəlb etməkdir. Qeyd edək ki, Qərb, ilk növbədə ABŞ buna hələ də razı deyil.
Ona görə də, təxribat təhlükəsi istisna edilmir. Ermənistanın hərbi imkanları ona imkan yaratmır ki, Azərbaycanla müharibə aparsın. Onlar hansısa qısamüddətli təxribat törədə bilərlər.
Ermənilər Fransa ilə Rusiya arasında əməkdaşlığın başlamasına nail olmaq istəyirlər ki, bununla şərti sərhədi nəzarət altına götürsünlər".
Murad İbrahimli