Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu arasında “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” beynəlxalq proqramının keçirilməsinə dair öhdəlik protokolu imzalanıb.
"Unikal" xəbər verir ki, sənədi gənclər və idman naziri Fərid Qayıbov və İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun prezidenti Taha Ayhan imzalayıblar.
İmzalanma mərasimində gənclər və idman nazirinin müavini İndira Hacıyeva, nazirliyin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun baş katibi Rəsul Ömərov və hər iki qurumun nümayəndələri iştirak ediblər.
Tədbirdən sonra gənclər və idman naziri Fərid Qayıbov və İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun prezidenti Taha Ayhanın iştirakı ilə mətbuat konfransı keçirilib.
Qeyd edək ki, İƏT-in 10-cu "Gənclər Paytaxtı" seçilən Şuşa şəhərində islam dünyası gənclərinin həyatının və inkişafının bütün sahələrini əhatə edəcək - elm, mədəniyyət, idman, sahibkarlıq, sosial mühəndislik, təhsil və yaradıcı sənaye istiqamətlərinə uyğun olaraq 12-dən çox irimiqyaslı oflayn və onlayn tədbirin həyata keçirilməsi nəzərdə tutulub.