Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə İmişli rayonundan olan, Cinayət Məcəlləsinin 182.2.2-cü maddəsi ilə təqsirləndirilən Daşqın Gəray oğlu Gəncalıyevin məhkəmə prosesi davam etdirilib.
"Unikal"ın əldə etdiyi məlumata görə, cinayət işində 4 qadın-Camalova Yeganə Vaqif qızı, Camalova Təranə Vaqif qızı, Xəlilova Günel Eldar qızı və Xəlilova Xədicə Etibar qızı zərərçəkmiş qismində tanınıb.
Prosesdə ilk olaraq zərərçəkmiş qismində tanınan Camalova Yeganə Vaqif qızı ifadə verib:
"Daşqın bacım Təranədən 1000 manat pul istəyib, əvvəldən danışmışdı telefonla. Bacım hicam edəndir, qan alandır, sertifikatı var. Evdə fəaliyyət göstərirdi. Belə ki, hədə-qorxu gəlib tələb edib, deyib verməsəz 7 nəfər qazi aşağıda gozləyir, şikayət edəcəklər. 100 manat bank kartına atmışam, 900 manatda nağd şəkildə pul vermişəm Daşqına. Şikayətim var, evə girəndə üstündə bıçağı var idi. Mənim qızım həkimdir, xəstəxanada işləyir, onun haqqında artıq-əskik danışmasın".
Sonra təqsirləndirilən Daşqın Gəncalıyev zərərçəkənin ittihamlarına cavab verib: "Bacısı evini masaj salonu kimi işlədirdi. Bir dəfə Nizami RPİ-nin 25-ci polis şöbəsi gəlib Təranəni 3 min manatda cərimələdi. Gedin qadın alveri ilə məşğul olun, sonra da üzümə durun".
Digər zərərçəkən Təranə Camalova Türkiyədə müalicədə olduğu üçün məhkəmədə iştirak etməyib.
Hakim digər zərərçəkən Xəlilova Xədicənin istintaqda olan ifadəsini elan edib.
Məhkəmənin növbəti mərhələsində zərərçəkən Xəlilova Günel Eldar qızı ifadə verib: “2-ci qrup əliləm, təqaüd alıram. Ərəblə görüşmək üçün otelə getmişəm, bu da yanımda olub. Mən Daşqınla sevgili kimi danışırdım, o isə pullarımı əlimdən aldı. Mənə vurulan ziyanın qaytarılmasını istəyirəm”.
Məhkəmə prosesi 1 may tarixinə kimi təxirə salınıb.
Qeyd edək ki, Daşqın Gəncalıyev 2019-cu ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə eyni maddə ilə 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
O zaman Daşqın Gəncalıyev tanış olduğu qadını şantajda ittiham edib. İttihama görə, onların arasında münasibət yarandıqdan sonra Daşqın Gəncalıyev həmin qadına hədə-qorxu gələrək, bu barədə ailəsinə məlumat verəcəyini deyərək pul tələb edib.
Azər İsrafilov