Azərbaycanın 6-cı sərbəst güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.
"Unikal" xəbər verir ki, Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirinin son görüşündə Georgi Meşvildişvili (125 kq) olimpiadada iştirak hüququna yiyələnib.
31 yaşlı idmançı yarımfinalda bolqarıstanlı Alen Xubulova 7:0 hesabı ilə qalib gələrək, bunu reallaşdırıb.
Qeyd edək ki, bu gün Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq) və Osman Nurmaqomedov (86) da olimpiadaya lisenziya qazanıblar. Daha əvvəl sərbəst güləşçi Maqomedxan Maqomedov (97 kq) olimpiadaya lisenziya əldə etmişdi.
*** 20:04
Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Avropa Olimpiya Təsnifat turnirində yarımfinal görüşünə çıxıb.
"Unikal" xəbər verir ki, 74 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız italiyalı Frank Çamizo Markezlə qarşılaşıb. Rəqibinə əlavə vaxta qalib gələn Turan Bayramov “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçi Hacı Əliyev (65 kiloqram) və Əliabbas Rzazadə ( 57 kiloqram), həmçinin Maqomedxan Maqomedov (97 kiloqram) Olimpiadaya lisenziya qazanıblar.
*** 18:36
Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
"Unikal" xəbər verir ki, 57 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı Şimali Makedoniya təmsilçisi Vladimir Yeqorova 4:3 hesabı ilə qalib gələrək bu uğura imza atıb.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçi Maqomedxan Maqomedov (97 kiloqram) Olimpiadaya lisenziya əldə edib.
*** 12:20
Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirinə qələbə ilə başlayıb.
"Unikal" xəbər verir ki, 74 kq çəki dərəcəsində yer alan 23 yaşlı idmançı 1/8 final mərhələsində isveçrəli Tobias Portmannı üstələyib.
Görüş təmsilçimizin 10:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, daha əvvəl Osman Nurmaqomedov (86 kq) 1/8 finala, Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (65 kq) isə 1/4 finala adlayıblar.
xxx
11:53
Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirinə uğurlu start götürüb.
"Unikal" xəbər verir ki, 65 kq çəki dərəcəsində yer alan üçqat dünya və dördqat Avropa çempionu təsnifat mərhələsində Fransanı təmsil edən Xamzat Arsamerzoyevi üstələyib.
Rəqibinə 5:2 hesabı ilə qalib gələn 32 yaşlı idmançı 1/4 finala yüksəlib. Yığmamızın lideri bu raundda Niurqun Skriabinlə (AİN) üz-üzə gələcək.
Qeyd edək ki, daha əvvəl Osman Nurmaqomedov (86 kq) 1/8 finala adlayıb.