Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəbli dəfn olunub.

“Unikal” xəbər verir ki, onun cənazəsi “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun ailə üzvləri, Milli Məclisin deputatları və digər şəxslər iştirak ediblər.

***

13:33

Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadı Rəcəbli ilə vida mərasimi başa çatıb.

“Unikal” xəbər verir ki, Təzə Pir məscidində keçirilən vida mərasimində mərhumun ailə üzvləri, Milli Məclisin deputatları və digər şəxslər iştirak ediblər.

Hazırda onun cənazəsi dəfn olunması üçün II Fəxri xiyabana aparılır.

***

11:05

Sabiq deputat Hadı Rəcəbli ilə vida mərasimi keçirilir.

"Unikal" xəbər verir ki, vida mərasimi Təzəpir məscidində keçirilir. Mərasimdə Baş nazirin müavini Əli Əhmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, sabiq deputatlar Hüseynbala Mirələmov və Xanhüseyn Kazımlı, mərhumun qohumları, ictimaiyyət və media nümayəndələri iştirak edir.

***

11:05

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sabiq deputat Hadı Rəcəblinin ölümü ilə bağlı məlumat yayıb.

Qurumdan "Unikal"a verilən məlumata görə, sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadı Rəcəblinin səhhətinin pisləşməsi ilə əlaqədar 17.04.2024-cü il tarixində saat 06:38 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb edilib. Hadı Rəcəblinin həkiməqədər ölümü qeydə alınıb.

Qeyd edək ki, Hadı Rəcəbli Bakıda Qurd qapısı qəbiristanlığında dəfn ediləcək və onunla vida mərasimi saat 13:00-da "Təzəpir" məscidində baş tutacaq.

*** 08:29

Sabiq millət vəkili Hadı Rəcəbli dünyasını dəyişib. 

"Unikal" xəbər verir ki, o, bu gün 76 yaşında vəfat edib. 

Qeyd edək ki, H. Rəcəbli I-V çağırış Azərbaycan Milli Məclisinin deputatı (1995-2020-ci illər), Əmək və Sosial Siyasət Komitəsinin sədri olub.

Fotolar: Ayxan Məlikov