“Əlimə düşən bəzi fürsətləri dəyərləndirə bilsəydim, daha çox qol vura bilərdim”.
"Unikal" xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında “Neftçi”nin qadın futbolçulardan ibarət komandasının üzvü Aysun Seydiyeva Yüksək Qızlar Liqasının XV turunda səfərdə Ağcabədinin "Olimpiya" komandasına 41 cavabsız qolla qalib gəldikləri oyun barədə danışarkən deyib.
Həmin qarşılaşmada rəqib qapısından 38 top keçirən yarımmüdafiəmi bu qədər qol vurduğu üçün xoşbəxt olduğunu bildirib: "Əlbəttə, bu cür hissləri yaşamaq xoşdur. Mövsümü bombardir kimi bitirmək istəyirəm. Komanda yoldaşlarım son matçda çox kömək etdilər. Demək olar ki, bütün ötürmələr mənə gəlirdi. Təəssüf ki, bəzilərini dəyərləndirə bilmədim".
27 yaşlı oyunçu böyükhesablı qələbədə rəqibin zəif olmasını da əsas səbəblərdən biri olaraq göstərib: "Düşünürəm ki, rəqib və liqanın səviyyəsi güclü olsaydı, bunu reallaşdırmaq çətin olardı".
Qeyd edək ki, çempionatda 11 oyun keçirən "Neftçi" hazırda 30 xalla ikinci pillədə qərarlaşıb. Turnir cədvəlinə isə 39 xalla "Sumqayıt" başçılıq edir.