Minifutbol millimiz Avropa çempionatına hazırlıq məqsədilə Monteneqroda təlim-məşq toplanışını davam etdirməklə yanaşı, beynəlxalq turnirdə də iştirak edir.
"Unikal" xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu komanda turnir çərçivəsində bu gün növbəti matçına çıxıb. Rəqib meydan sahibi Monteneqro olub. Komandamız görüşdən 4:2 hesabı ilə qalib ayrılıb və qrupda 2-ci yeri tutub. Reqlamentə görə, ilk iki yerin sahibləri finalda qarşılaşacaqlar. Bu o deməkdir ki, millimiz Rumıniya ilə həlledici matçda üz-üzə gələcəklər. Görüş 21.15-də başlayacaq.
Qeyd edək ki, yığmamız qrupdakı ilk oyunda dünya çempionu Rumınyaya 0:1 hesabı ilə məğlub olsa da, ikinci görüşdə Bosniya və Herseqovina seçməsinə 6:0 hesabı ilə qalib gəlib.
Yarış Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək Avropa çempionatına hazırlıq məqsədi daşıyır. Avropa çempionatı iyunun 1-dən 9-na qədər Sarayevo şəhərində baş tutacaq. Yarışın mükafatları uğrunda 24 komanda mübarizə aparacaq.