Çempion olduğumuz üçün təəssüratlarım çox yaxşıdır. Dünya çempionu Rumıniyanı məğlub etmək çox yaxşı oldu.
“Unikal” xəbər verir ki, bunu idman.biz-ə minifutbol üzrə Azərbaycan millisinin oyunçusu Elvin Əlizadə deyib.
O, Monteneqroda keçirilən beynəlxalq turnirin ən yaxşı futbolçusu seçildiyi üçün xoşbəxt olduğunu bildirib: “Bosniya və Herseqovina kimi komandanı tanıdıq. Avropa çempionatı məhz bu ölkədə keçiriləcəyi üçün onları tanımaq çox önəmli idi. Çox sevincliyəm. Hər bir oyunçunun arzusudur ki, ən yaxşı seçilsin”.
Elvin turnirin yığmamız üçün faydasını da vurğulayıb: “Bu yarışın bizə faydası çox olacaq. Ayrı-ayrı ölkələrə qarşı nə qədər çox oyun keçirsək, bu, təcrübədir. Hər oyunda səhv və düz qərarlar olur. Bu barədə düşünür və nəticə çıxarırsan”.
Əlizadə Bosniya və Herseqovinada keçiriləcək Avropa çempionatında gözləntilərini də açıqlayıb: “Rumıniya çox yaxşı komandadır. Neçə illərdir ki, minifutbol oynayırlar. Biz onlarla müqayisədə bu idman növünə çox gec başlamışıq. Rumıniyalıların güclü rəqib olduqları bəllidir. Avropa çempionatında ilk “üçlük”də olmağa çalışacağıq. Belə olacağına inanıram. Zədələr, başqa problemlər olmasa, biz bunu bacararıq. Çox yaxşı komandamız var. Daha da püxtələşəcəyik, yaxşı məşqlər keçəcəyik. Nəticəmiz yaxşı olar”.
Qeyd edək ki, millimiz Monteneqroda keçirilən beynəlxalq turnirin finalında ilk matçda 0:1 uduzduğu Rumıniyanı 5:4 hesabı ilə məğlub edərək qızıl medalları qazanıb.