Bakının Bilgəh qəsəbəsində, Xəzər sahilində keçmiş deputat Hacı Qalib Salahzadəyə məxsus olan villanın qapısının daşla hörüldüyü deyilir.

"Unikal"ın məlumatına görə, bununla bağlı Musavat.com-a danışan Hacı Qalib Salahzadə deyib ki, vaxtilə onun 500 min manata aldığı bağ torpaq sahəsini əhatələyən hasar dağıdılıb. 

Onun sözlərinə əsasən, axşamdan icra başçısı Adil Vəliyev şəxsən əraziyə gəlib: “Dedi ki, bu dəqiqə buranı sökürəm. Hazırda da bağımı sökürlər, orada traktorlar işləyir. Prezident Administrasiyasının yüksək rütbəli məmurlarının adlarını çəkir, onların göstərişi ilə bağımı sökdüyünü deyir. Mənə də deyir ki, sənin üstündən maşınla keçərəm. Nə məhkəmə, nə qərar? Qışqıra-qışqıra mənə deyir ki, bu işləri mənə görməyi yüksəkrütbəli məmurlar tapşırıb. Mənim özümü də provokasiyaya çəkirlər ki, bir iş açsınlar”.

Hacı Qalib Salahzadə bildirib ki, sökülən bağının ərazisində 3 evi olub: “Əlimdə öz adıma olan bələdiyyə sənədləri də var. O zaman bu torpağı mən nardaranlı Ağaismayıl, Fərhad kişidən 500 min manata almışam. Bu adamlar da sağdırlar”.

Sayt məsələ ilə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin də mövqeyini öyrənib. İcra başçısı bildirib ki, zəbt olunmuş ərazi qanunauyğun olaraq qanunsuz tikililərdən təmizlənib: “Hacı Qalib həmin ərazini də, necə ki, Bilgəhdə onlarla hektarı zəbt etdiyi kimi, zəbt edib. Həmin zəbt etdiyi torpaqlarla bağlı bütün günü də məhkəmələrdə keçir. O ərazi çimərlik ərazisidir və heç zaman da bələdiyyə torpağı da olmayıb. Bu (Hacı Qalibi nəzərdə tutur), əlində indiyə qədər də bələdiyyə sənədlərini, daha doğrusu, möhürünü saxlayıb. Oğlu (hazırda Əliabbas Salahzadə deputatdır) da bir zamanlar bələdiyyə sədri, özü də oranın qoçusu olub. Ona görə ona başa saldım ki, bələdiyyə sənədini özün öz adına vermisən. Məni provakasiyaya çəkmək istədi. Deyir ki, ölkə rəhbərliyinin yürütdüyü siyasətə zidd addım atırsan, yürüdülən siyasətə xələl gətirirsən. Dedim ki, Hacı, mən buranı boşaltdıracağam, bura hasar çəkdirəcəyəm. Dedi ki, mən də o hasarı sökdürəcəyəm. O zaman da mən demişəm ki, belə etsən, mən də sənin üstündən maşınla keçəcəyəm”.