Beynəlxalq GSM Assosiasiyasının  (GSMA) Azərbaycanda təşkil etdiyi “GSMA M360 Eurasia” konfransı yekunlaşdı. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə baş tutan tədbir bu il də Bakıda telekommunikasiya və rəqəmsal texnologiyalar sahəsində çalışan  aparıcı ekspertləri, eləcə də region üzrə tənzimləyici qurumların nümayəndələrini bir araya toplayıb. 

"Unikal" xəbər verir ki, tədbir çərçivəsində "Azercell" və GSMA-nın rəhbər heyəti arasında keçirilən görüşdə bu əməkdaşlığın prioritet istiqamətləri və yeni çərçivələri ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə süni intellektin telekommunikasiya sahəsində tətbiqi imkanları, bu istiqaməti əhatə edən əməkdaşlıq perspektivləri müzakirə edilib. 

Görüş zamanı tərəflər arasında imzalanacaq yeni anlaşmanın detalları da qeyd olundu. Belə ki, bu saziş çərçivəsində "Azercell" əməkdaşları Beynəlxalq GSM Assosiasiyası tərəfindən mobil operatorlar üçün hazırlanmış xüsusi təlimlərdə iştirak edəcəklər. Bu da öz növbəsində şirkət əməkdaşlarının yeni dövrün iş bazarına uğurlu adaptasiyasına və ümumilikdə "Azercell"in insan kapitalının inkişafına dəstək olacaq. 

Həmçinin tərəflər iqlim fəaliyyəti ilə bağlı cari əməkdaşlıqlarının detallarını da müzakirə etdilər. Qeyd edək ki, COP29 çərçivəsində GSMA-nın iqlim dəyişikliyi tapşırıqları qrupuna qoşulan Azercell digər qrup iştirakçıları ilə birgə mobil sənayeni sıfır karbon emissiyasına yaxınlaşdırmağa çalışır. Görüş zamanı şirkətin rəhbər heyəti bu istiqamətdə görüləcək işləri bir daha gündəmə gətirdi. Xatırladaq ki, "Azercell" GSMA-nın İqlim Fəaliyyətinin İşçi Qrupuna ötən ilin  dekabr ayından üzv olub.