Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatı, Müşfiqabad qəsəbəsində yerləşən E.Şirəliyev adına 274 nömrəli tam orta məktəb və 320 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə 28 May - Müstəqillik Gününə həsr olunmuş “Azərbaycanın dövlətçilik ənənələri” mövzusunda tədbir keçirilib.

"Unikal" xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin deputatları - partiyanın Təftiş Komissiyasının üzvü Aydın Hüseynov, Qərbi Azərbaycan İcmasının sədr müavini Ramil Həsən, 274 nömrəli tam orta məktəbin direktoru Nəriman Mürsəliyev, həmin məktəbin tarix müəllimi Aqiyə Zaidova, 320 nömrəli tam orta məktəbin tarix müəllimi Gülnar Şükürova 106 il əvvəl mayın 28-də müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını deyiblər. Qeyd olunub ki, bu, Türk və İslam dünyasında ilk parlamentli respublika, ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsidir. Bu şanlı tarix Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2021-ci il 15 oktyabr tarixində təsdiq etdiyi “Müstəqillik Günü haqqında” Qanunla Müstəqillik Günü kimi qəbul edilib.

Vurğulanıb ki, müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti mürəkkəb bir tarixi şəraitdə fəaliyyətə başlayıb. “Cəmi 23 ay yaşamış Cümhuriyyət xalqımızın tarixində iz qoyan tədbirlər həyata keçirdi. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, 1918-ci il iyunun 27-də “Azərbaycan dilinin dövlət dili elan edilməsi haqqında”, avqustun 11-də isə “Azərbaycan Xalq Cümhuriyyətinin vətəndaşlığı haqqında” qərarlar qəbul edildi. Dövlətin bayrağı, himni və gerbi təsis edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi”.

Bildirilib ki,  Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa edərək, Xalq Cümhuriyyətinin siyasi varisi kimi onun bayrağını, gerbini, himnini qəbul etdi. Ümummilli Lider Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə mühüm yeri olan Azərbaycan Xalq Cümhuriyyətinin xidmətlərini hər zaman yüksək qiymətləndirib, Cümhuriyyətin şərəfinə “İstiqlal bəyannaməsi” abidəsi ucaldılıb, onun görkəmli siyasi və dövlət xadimlərinin xatirəsi əbədiləşdirilib.

Sonra partiya sıralarına qoşulan bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunub.

Tədbir ədəbi-bədii kompozisiya ilə davam edib.