Şimali Kipr Türk Respublikasından şəhid ailələrindən və ictimai xadimlərdən ibarət nümayəndə heyəti bu gün Qarabağda olub.

"Unikal" xəbər verir ki, 20 nəfərlik heyətin 12 nəfəri şəhid ailələrinin üzvləridir. Heyətə ŞKTR Prezidentinin QHT-lərlə əlaqələr üzrə müşaviri Latif Akça, ŞKTR-nin “Şəhid ailələri və Qazilər Dərnəyi”nin sədri Gürsel Benan, Əlillər Komitəsinin sədri Ahmet Akdeniz, ŞKTR-nin Türk Dövlətləri Dərnəyinin sədri Ali Akın Önder, Girne Amerikan Universiteti dekanı Boğaçhan Bayülken, ŞKTR İTÜ baş katibi Dursun Koç, “Rauf Denktaş Düşüncələrini Yaşatma Dərnəyi”nin baş katibi Selim Terzi və digər şəxslər də daxildir. 

Onları Azərbaycandan olan şəhid ailələrinin üzvləri də müşayiət edir. Heyət ilk əvvəl Şuşada olub. Şuşa ilə tanışlıqdan sonra Xocalıya baş çəkilib. Xocalıda aşkar olunan kütləvi məzarlıq ziyarət edilib. Heyət bu gün həmçinin Ağdamda da olacaq. Azad edilmiş ərazilərdə dağıntıların miqyası və quruculuq işlərinin sürəti heyəti heyrətə gətirib.

Səfər “Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin icra etdiyi “Türk dünyasının şəhid ailələri arasında əlaqələrin inkişafı” layihəsi çərçivəsində təşkil olunub. Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir. 

Qeyd edək ki, Şimali Kipr Türk Respublikasından və Azərbaycandan şəhid ailələri QHT-lər xətti ilə qarşılıqlı səfərlərə başlayıb. Bu ilin iyul ayında Qarabağ uğrunda şəhid olmuş 30 nəfər şəhidin övladı da Şimali Kiprə səfər edəcək və orada yay düşərgəsində iştirak edəcək.