Tütün məmulatı qismində siqaret istehsalı ilə bağlı tətbiq ediləcək icazə şərtlərinə məhsulların yerli xammaldan istifadə edilməklə istehsalına icazə verilməsi şərti daxil edilir.

"Unikal" xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında mazakirə edilən “Tütün və tütün məmulatı haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Qanun layihəsində qeyd edilir ki, bu, ölkədə kənd təsərrüfatının intensiv inkişafına da töhfə verəcəkdir.

Tütünçülüyün inkişafı məqsədilə yeni əkin sahələrinin cəlb edilməsi, yeni tütün sortlarının əkininə stimul verilməsinə səbəb olacaqdır. İstehsalatda yerli xammal bazasından istifadənin artırılması müvafiq sahədə idxaldan asılılığın əhəmiyyətli dərəcədə aşağı salınmasına, gələcəkdə bu məhsullar üzrə ixrac potensialının artırılmasına səbəb olacaqdır.
Son illər qarşıya qoyulan əsas hədəflərdən biri də respublikada tütünçülüyün inkişafıdır və yerli tütünün keyfiyyətinin beynəlxalq standartlara tədricən çatdırılacağı nəzərə alınaraq, istehsal olunan siqaret məhsulları üzrə minimal yerli xammal tələbinin mərhələli şəkildə artırılması təklif olunub. Bu məqsədlə yerli tütün xammalının keyfiyyətinin tədricən artdığını nəzərə alaraq hər 1000 ədəd tütün məmulatının istehsalında 2024-cü ildən etibarən yerli xammaldan istifadə həcmləri artırılacaqdır.

Qeyd edilən faizlərə nəzarətin dəqiq həyata keçirilməsi məqsədilə yerli tütünün alınması məqsədilə faizlərə uyğun çəkilər (orta damarcığı qismən və ya tamamilə çıxarılmış tütünün qramı) müəyyən edilib.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.

Eyni zamanda, qanun layihəsində qeyd olunur ki, bu məqsədlə tütün məmulatlarının istehsalı və idxalı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyata alınması və reyestrinin aparılması həyata keçiriləcək.
Bu mexanizm cəmiyyətin maraqlarının, o cümlədən əhalinin sağlamlığının təmin olunmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlib. Belə ki, ölkə ərazisində istehsal olunan bir sıra tütün məmulatlarının sanitar-gigiyena normalarına uyğun gəlməməsi və bazarda mənşəyi məlum olmayan, aşağı keyfiyyətli malların satışı əhalinin sağlamlığı üçün təhlükə mənbəyinə çevrilməsi ilə yanaşı vergidən yayınma hallarının da geniş vüsət almasına səbəb olur.

Qeyd etmək lazımdır ki, icazə sisteminin tətbiqi bu sahədə fəaliyyət göstərən intizamlı və peşəkar sahibkarlıq subyektlərinin maraqlarının müdafiəsinə, daxili bazarın aşağı keyfiyyətli məhsullardan qorunmasına, əhalinin sağlamlığının müdafiəsinin təmin edilməsinə, istehsalın və dövriyyənin tənzimlənməsinə, vergidən yayınma hallarının və qeyri-qanuni istehsalın qarşısının alınmasına, mövcud sahədə rəqabətə dözümlü investisiya mühitinin formalaşmasına, istehsal olunmuş məhsulların ixrac potensialının artırılmasına və yerli xammaldan istifadə perspektivlərinin yaranmasına xidmət edəcəkdir.
Tütün məmulatlarının istehsalı spesifik avadanlıq əsasında həyata keçirildiyindən və bu avadanlıqlara əsaslanan istehsal xəttinin qurulması böyük investisiya qoyuluşu tələb edir. Qeyd olunan avadanlıqlar əsasında 1 istehsal xəttinin quraşdırılması üçün 10 milyon ABŞ dolları məbləğində vəsait tələb olunur. Müəssisənin normal fəaliyyəti üçün bu avadanlıqlardan ibarət 2 istehsal xəttinin olması vacibdir. Göstərilən məbləğ yalnız texnoloji avadanlıqların qiymətini özündə əhatə etməklə yanaşı müəssisənin formalaşdırılması ilə əlaqədar digər xərcləri əhatə etmir.

Qeyd edilənləri nəzərə alaraq, siqaret istehsalı sahəsində fəaliyyət göstərmək istəyən subyektlərin dövlət qeydiyyatına alınması zamanı avadanlıqlara dair 34 milyon manat minimum investisiya məbləğinin müəyyən edilməsinə zərurət vardır. Bu cür tənzimləmənin müəyyən edilməsi yerli tütün məmulatı istehsalçılarının beynəlxalq bazarda rəqabət qabiliyyətinin artmasına, ölkəyə qlobal çağırışlara cavab verəcək investisiyaların cəlbinə, rəqabətədavamlı istehsal prosesinin formalaşdırılmasına rəvac verməklə investisiya qoyuluşunun və əmək məhsuldarlığının artırılmasına səbəb olacaqdır.

Tütün məmulatının istehsalı üçün istifadə olunacaq ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamənin, standart nümunənin və ya ölçmə vasitəsinin tipinin təsdiqi barədə sertifikatın, habelə cihaz, alət, ölçmə vasitələri və sınaq avadanlıqlarının “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq uyğunluğun qiymətləndirilməsinə dair sənədlərin olması tələbi istehsalda istifadə olunan avadanlıq və qurğuların beynəlxalq standartlara uyğun olmasını və beynəlxalq standartların tələblərinə uyğun məhsul istehsalına təminat verən şəraitin formalaşdırılması məqsədi daşıyır.

Tütün məmulatlarının istehsalı prosesinin hər bir mərhələsində məhsulun tərkibi müəyyənləşdirilməli və insan sağlamlığı üçün zərərli maddələrin normalarına riayət edilməsi istiqamətində laborator sınaqlar keçirilməlidir. Məhsulu laborator sınaqdan keçirmiş istehsalçılar hər bir istehsal mərhələsində məhsulu keyfiyyət göstəriciləri üzrə sınaqdan keçirərək qüsurları vaxtında aşkar edir. Qeyd edilən səbəbdən keyfiyyət və təhlükəsizlik sınaqlarının aparılması üçün istehsalçının müvafiq sahədə akkreditasiya olunmuş sınaq laboratoriyasının olması, belə laboratoriya olmadığı təqdirdə bu cür sınaqları aparacaq laboratoriya ilə bağlanmış müqavilənin olması əsas şərtlərdən biri kimi müəyyən edilib.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Anar Kəlbiyev

Anar Kəlbiyev