Bakı Mühəndislik Universitetində (BMU) Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci tərəfindən 28 May - Müstəqillik Günü münasibəti ilə konsert proqramı təşkil olunub. 

"Unikal" xəbər verir ki, universitetin professor-müəllim heyətinin, tələbələrin qatıldığı tədbirdə kollecin tələbələri müxtəlif musiqi nömrələri ilə çıxış ediblər.

Konsertdə Fikrət Əmirov, Qara Qarayev, Süleyman Ələsgərov, Səid Rüstəmov, Tofiq Bakıxanov, Rauf Hacıyev, Aqşin Əlizadə, Rauf Məmmədov, Dmitriy Şoştakoviç və başqa tanınmış bəstəkarların əsərləri istedadlı gənclərin, Respublika müsabiqələr lauretarlarının ifasında alqışlarla qarşılanıb.

BMU-nun rektoru Yaqub Piriyev belə bir möhtəşəm konsert proqramına görə, Musiqi Kollecinin direktoru,  tarzən, əməkdar incəsənət xadimi, professor Nazim Kazımov başda olmaqla musiqi məktəbinin tələbələrinə və kollektivinə təşəkkürünü bildirib. Rektor ötən il 125 illik yibileyini qeyd edən, dünya şöhrətli müsiqiçilər yetişdirən, musiqi mədəniyyətimizin formalaşmasında böyüx xidmətləri olan Musiqi Kollecinin gənc istedadlı tələbələri ilə bağlı təəsüratlarını bölüşüb, onların gələcəkdə Azərbaycan müsiqi sənətinə yeni-yeni töhfələr verən şəxslər olacağına şübhə etmədiyini vurğulayıb. Yaqub Piriyev qonaqları və universitetin kollektivini Müstəqillik Günü münasibəti ilə təbrik edib, onlara ən xoş arzularını çatdırıb. 

Öz növbəsində Musiqi Kollecinin direktoru Nazim Kazımov ölkəmiz üçün uzun illərdir peşəkar musiqi kadrları hazırlayan və adlı-sanlı sənətkarların çalışdığı, zəngin ənənələri olan Musiqi Kolleci haqqında qısa məlumat verib. Bayram münasibətilə ən səmimi təbriklərini nəzərə çatdıran və BMU-da konsert proqramı ilə çıxış etməkdən məmnun olduqlarını vurğulayan professor universitet rəhbərliyinə yaradılan şəraitə görə minnətdarlığını bildirib. 
İctimaiyyətlə əlaqələr şöbəsi