Bakıda və Abşeron yarımadasında iyunun 1-i günün ikinci yarısından 2-si axşamadək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 1-i axşam və 2-si gecə və səhər yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi gözlənilir.

Bu barədə "Unikal"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın rayonlarında iyunun 1-i şimal və qərb rayonlarından başlayaraq 2-si axşamadək bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Daşkəsən-Gədəbəy, Şərqi Zəngəzur, Qarabağ, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

İyunun 1-i gündüzdən 2-si gündüzədək qərb küləyinin 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Çaylarda, o cümlədən, Kür, Araz, Qanıx və Qabırrı çaylarında sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

***12:51

İyunun 1-də gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə "Unikal"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi günün ikinci yarısından arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20° isti, gündüz 29-34° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 11-16° isti, gündüz 16-21° isti olacaq.