Xərçəng xəstəliyi ilə mübarizə aparan Uels Şahzadəsi Keyt Middlton səhhəti ilə bağlı sosial media hesabında açıqlama yayıb.
"Unikal" xəbər verir ki, o, ictimaiyyətə onu dəstəklədiyi üçün təşəkkür edib. Şahzadə deyib ki, kimyaterapiya qəbul edən hər bir insan kimi onun da yaxşı və pis günləri olur: “Səhhətimdə yaxşıya doğru inkişaf var, amma kimyaterapiyadan keçən hər kəsin bildiyi kimi, bəzən yaxşı və bəzən də pis günlərim olur. Pis günlərdə siz özünüzü zəif, yorğun hiss edirsiniz və istirahət etmək məcburiyyətindəsiniz. Ancaq yaxşı günlərdə, daha güclü hiss etdiyiniz zaman bundan maksimum yararlanmaq istəyirsiniz”,- deyə o, açıqlamasında qeyd edib.
Keyt Middlton daha bir neçə ay müalicə almağa davam edəcəyini və kral ailəsindəki vəzifələrindən uzaqlaşmasının asudə vaxtını pozitivlik verən şeylərə sərf etməyə imkan verdiyini söyləyib. O qeyd edib ki, qeyri-müəyyənlikdə səbrli olmağı öyrənir və hər günü olduğu kimi qəbul edir.
Qeyd edək ki, Keyt Middlton bu ilin martında xalqa videomüraciətində xərçəngə tutulduğunu açıqlamışdı.