Böyük qlobal hadisələr çox şeyə təsir edir və insanların əhval-ruhiyyəsini dəyişdirir. Pandemiyanın bu vəziyyətə səbəb olduğu düşünülsə də, əvvəllər müşahidə edilən artım tendensiyası araşdırmalarla da təsdiqlənir. Bəs niyə insanlar daha çox narahat oldular?

Təfərrüatlar "Unikal"da 

"New Scientist" nəşrinin araşdırmasına görə, narahatlığın yayılmasında əhəmiyyətli bir artım var, lakin təfərrüatlara getdikdə vəziyyətin aydınlığı azalır. COVID-19 epidemiyası bu artımın əsas səbəbi hesab edilsə də, iqtisadi və siyasi amillərin də təsirli ola biləcəyi bildirilir.

Ümumdünya Səhiyyə Təşkilatı, 2020-ci ildə komendant saatı və digər məhdudiyyətlərin tətbiqi ilə narahatlıq pozğunluqlarında 25,6 faiz artım olduğunu bildirib. Bu artımda insanların naməlum virusla mübarizə səyləri və onun həyatlarına təsiri böyük rol oynayıb.

Bununla belə, pandemiyadan əvvəl də narahatlıq səviyyəsi yüksəlirdi. Məsələn, 2014-2018-ci illər arasında Böyük Britaniyada 18-44 yaş qrupunda ümumiləşdirilmiş narahatlıq pozğunluğu diaqnozu 2018-ci ildə 6,7 faizə yüksəlib və bu artım xüsusilə gənclər arasında özünü göstərib.

Afrika və Asiya ən az narahatlıq doğuran qitələrdir

Qlobal Xəstəlik Yükü Layihəsinin 2022-ci il məlumatlarına əsasən, dünyanın 204 ölkəsində narahatlıq pozğunluqlarının yayılması araşdırılıb. Portuqaliya 100 min nəfərə 8 min 671 hadisə ilə ən yüksək göstəriciyə malik ölkə olarkən, Braziliya, İran  və Yeni Zelandiya Portuqliyadan sonrakı yerlərdə qərarlaşıblar. 

Avropa və Amerika ən yüksək göstəricilərə malik olsa da, Afrika və Asiya ən aşağı göstəriciləri göstərir. Bu araşdırmaya görə, yüksək gəlirli ölkələrdə narahatlıq nisbətləri daha yüksəkdir.

Narahatlıq nədir?

Alimlər narahatlığın nə olduğu ilə bağlı tam konsensusa gəlməyiblər. Son araşdırmalar göstərir ki, narahatlıq bədən və beyin arasındakı səhv əlaqə nəticəsində yarana bilər.

London Universitet Kollecinin Anksiyete Laboratoriyasının rəhbəri Oliver Robinson deyir: "Dünyada insan sayı qədər narahatlıq növləri var". İnsanlar daim başqalarının həyatını müqayisə edir və rəqəmsal zorakılığa məruz qalırlar. Bu, qeyri-adekvatlıq və sosial izolyasiya hissini artırır.

Robinson uşaqlar arasında narahatlığın artmasına da diqqət çəkib. Pandemiya və sosial media kimi müxtəlif amillərə görə, bir neçə il əvvələ nisbətən bu gün daha çox uşaqlar narahatdır.

2020-2021-ci illər arasında aparılan və dünya üzrə 80 min gənci əhatə edən 29 araşdırmanın təhlili uşaqların 20,5 faizində klinik əhəmiyyətli narahatlıq əlamətləri göstərdiyini ortaya çıxarıb.

Gülayə Mecid