İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsinə dəyişiklik edilir.
"Unikal" xəbər veirir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinə dair izahatda əksini tapıb.
Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial islahatlar çərçivəsində əhalinin məşğulluğu ilə bağlı tədbirlərin gücləndirilməsi məqsədilə ölkədə işsizlikdən sığorta sisteminin tətbiqinə başlanılması işsiz (işaxtaran) şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılması və aktiv məşğulluq tədbirlərinin həyata keçirilməsi üçün çevik maliyyə mexanizmini formalaşdırıb.
İşsizlikdən sığorta fondunun 2023-cü il və cari ilin 4 ayı üzrə büdcə gəlirlərinin icra göstəricilərinin təhlilinə əsasən ilin sonuna işsizlikdən sığorta haqları üzrə mədaxillərin artımı gözlənilir. Beləliklə, “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə” Qanun layihəsində işsizlikdən sığorta haqları üzrə daxilolmaların 4 700 000,00 manat artırılaraq 179 976 800,0 manatdan 184 676 800,0 manata çatdırılması təklif olunur. Eyni zamanda gəlirlərin qeyri-büdcə sektoru üzrə olan hissəsinin 139 300 000,0 manat olacağı proqnozlaşdırılır.
Cari ilin xərc məbləğində dürüstləşmə nəzərdə tutulmadığından, 2023-cü ilin sonuna işsizlikdən sığorta fondunun istifadə olunmamış hissəsi 57 953 200,0 manatdan 53 253 200,0 manata və ya 4 700 000,0 manat azaldılıb.
Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.
Anar Kəlbiyev