Xəbər verdiyimiz kimi, 4 gün əvvəl paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib. Silahlı insident nəticəsində 3 polis əməkdaşı və 1 mülki vətəndaş qətlə yetirilib.
"Unikal" xəbər verir ki, Oxu.Az sözügedən hadisə və cinayəti törədən şəxslə bağlı məlumatlar əldə edib.
Belə ki, Rövşən Oqtay oğlu Allahverdiyev çoxsaylı vətəndaşı aldadaraq onlara məxsus torpaq sahələrinin özəlləşdirilməsinə, onların müxtəlif orqanlarda işə düzəlməsinə köməklik edəcəyi adı ilə külli miqdarda pullarını mənimsədiyindən 2023-cü ilin mart ayında ölkə hüdudlarını Türkiyə istiqamətində tərk etməyə cəhd göstərərkən saxlanılaraq istintaq orqanlarına təhvil verilib.
Rövşən Allahverdiyevin vətəndaş Rasim Hidayət oğlu Məmmədova məxsus torpaq sahəsini özəlləşdirmək adı ilə sonuncunun 320 000 manatını ələ keçirməsi faktı üzrə DİN-in istintaq qurumlarında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılaraq Rövşən Allahverdiyev 30 mart 2023-cü il tarixdə CM-in qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Eyni zamanda Rövşən Allahverdiyevin torpaq sahəsini özəlləşdirmək adı ilə digər vətəndaş Abdullayev Eynulla Adil oğlunun 139 000 manat pulunu dələduzluq yolu ilə ələ keçirməsi faktı üzrə 25 mart 2023-cü il tarixdə CM-in 178.2.4-cü maddəsi ilə başlanılmış cinayət işi Rövşən Allahverdiyevin barəsində istintaq edilən digər cinayət işi ilə bir icraatda birləşdirilib.
İstintaq prosesində 29 avqust 2023-cü il tarixində Rövşən Allahverdiyevin barəsində seçilmiş həbs qətimkan tədbiri müdafiə tərəfinin vəsatəti ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməklə həmin şəxs həbsdən azad edilib.
Bundan əlavə, Rövşən Allahverdiyevin vətəndaş Nicat Namiq oğlu Hacıyevi Dövlət Gömrük Komitəsinə işə düzəltmək adı ilə aldadaraq 20 000 manat pulunu dələduzluq yolu ilə ələ keçirməsi faktı ilə bağlı 28 iyun 2023-cü il tarixdə CM-in 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmış, istintaq zamanı onun digər vətəndaş Abbas Eldar oğlu Dadaşovu da aldadaraq torpaq sahəsini özəlləşdirmək adı ilə 1 141 500 manat pulunu dələduzluq yolu ilə ələ keçirməsi müəyyən edildiyindən əməli CM-in 178.4-cü maddəsinə tövsif edilib, 9 sentyabr 2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində cəlb edilməklə yenidən barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
15 sentyabr 2023-cü il tarixində Bakı Apellyasiya Məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Rövşən Allahverdiyevin barəsində Səbail Rayon Məhkəməsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək sonuncu təkrarən həbsdən azad olunub.
Qeyd olunan faktlarla bağlı DİN-in istintaq qurumlarında aparılan cinayət işinin ibtidai istintaqı zamanı təqsirləndirilən şəxs Rövşən Allahverdiyev istintaq orqanından gizləndiyinə görə 30 oktyabr 2023-cü il tarixdə barəsində axtarış elan edilib.
Hadisənin təfərrüatına gəlincə, əldə etdiyimiz digər məlumata görə, səkkiz aya yaxın istintaq orqanlarından gizlənən Rövşən Allahverdiyevin 24 iyun 2024-cü il tarixə keçən gecə yaşadığı ünvana gələcəyi barədə məlumat almış əməliyyat xidmətinin əməkdaşı dərhal bu barədə aidiyyəti üzrə məruzə edib, həmin ünvana əlavə qüvvələr, eləcə də ərazidə xidmət aparan post-patrul naryadları göndərilmiş, ilk gələn post-patrul əməkdaşı ilə əməliyyat xidmətinin əməkdaşı Rövşən Allahverdiyevi yaşadığı ünvanın qarşısında saxlayıblar.
Bundan sonra Rövşən Allahverdiyev səkkiz aya yaxın azyaşlı övladlarını görmədiyini bildirib sonuncu dəfə onlarla vidalaşmasına icazə verilməsini anası ilə birlikdə israrla xahiş etdiyindən polis əməkdaşları humanizm göstərərək onun qolundan qandalı açıb yaşadığı mənzilə daxil olmasına şərait yaradıblar.
Rövşən Allahverdiyev evə daxil olduqdan sonra "Kalaşnikov" döyüş avtomatının bazası üzərində hazırlanmış, bir neçə hədəfi qısa müddətə məhv etmək imkanına malik "Lancaster" markalı ov silahı ilə ailə üzvləri - anası, həyat yoldaşı, uşaqları ilə bayıra çıxaraq onların arxasından qəfil atəş açmaqla polis əməkdaşlarını qətlə yetirmiş, eləcə də yaranmış səs-küyü eşidib həmin ünvana gələn, yaxınlıqda yaşayan, Səfər Pirvəli oğlu Piriyevin də polis əməkdaşı olmasını zənn edərək onu da qətlə yetirib.
Bundan sonra, hadisə yerinə gələn əməliyyat qrupu təslim olması barədə Rövşən Allahverdiyevi dəfələrlə xəbərdar etsələr də, sonuncu buna məhəl qoymayaraq müqavimət göstərdiyindən odlu silahdan istifadə edilməklə zərərsizləşdirilib.