Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə qəsdən adam öldürmə maddəsi ilə təqsirli bilinən Hüseynov Əhməd Baləli oğlunun növbəti məhkəmə prosesi keçirilib.
"Unikal"ın məlumatına görə, 1985-ci il təvəllüdlü Əhməd Hüseynov 16 yaşlı qızını qaçırdan 33 yaşlı Nurlan Məmmədovu qətlə yetirib. Məhkəmə prosesində hakim məhkəmə istintaqının yekunlaşmasına dair tərəflərin fikirlərini öyrənib sonra dövlət ittihamçısı Orxan Səmədov çıxış edərək Əhməd Hüseynovun Cinayət Məcəlləsinin 120.1 və 228.4-cü maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Zərərçəkənin hüquqi varisi Kamil Məmmədov da təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, qanun çərçivəsində cəza verilməsini məhkəmənin nəzərinə çatdırıb.
Son sözlə çıxış edən təqsirləndirilən şəxs isə qətli 16 yaşlı qızının taleyinə görə törətdiyini və ona CM-nin 62-ci maddəsinin tətbiq edilməsini hakimdən xahiş edib.
Hakim Leyla Əsgərova-Məmmədova müşavirədən qayıtdıqdan sonra hökmü elan edib. Belə ki, Əhməd Hüseynov CM-nin 120.1 və 228.4-cü maddələri ilə təqsirli bilinərək 9 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, bu il yanvarın 24-də saat 11 radələrində paytaxtın Nizami rayonu, "Koroğlu" metrostansiyasının qarşısındakı mağazalardan birində 1991-ci il təvəllüdlü Nurlan Məmmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1985-ci il təvəllüdlü Əhməd Hüseynovun aralarında yaranmış mübahisə zamanı Nurlan Məmmədova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Hadisədən sonra Əhməd Hüseynov könüllü olaraq istintaqa təslim olub və şübhəli şəxs qismində tutulub.
Əhməd Hüseynovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Seymur Əli