Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin və Kənd İnkişafına Dəstək İctimai Birliyinin zərərçəkən qismində tanındığı cinayət işi üzrə həbs olunan, Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə - külli miqdarda törədildikdə) və 308 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə ilə təqsirləndirilən Ramin Rafiq oğlu Məmmədovun növbəti məhkəmə prosesi keçirilib.
"Unikal"ın məlumatına görə, Səbinə Məmmədzadə məhkəməyə gəlməyən 2 nəfərin istintaqa verdiyi ifadəni elan edib. Sonra Ramin Məmmədov hələ məktəb illərindən ictimai fəaliyyətə cəlb olunduğunu, Azərbaycan Pedaqoji Universitetinin tarix fakültəsini bitirdiyini qeyd edib:
"Mən 2006-cı ildən son illərə kimi beynəlxalq təşkilatlar üçün layihə yazmışam. Sübhan Aslanov 2010-cu ildə mənə təklif etdi ki, onların təşkilatları üçün layihə yazım. Mən də yazdım və 11 min avro qrant da uddu. Sübhan Aslanov 300 milyon dollarlıq layihənin rəhbəri olub. Həm təsisçi idi, həm də sədr idi. Yaponiyanın dəstəyi ilə Oğuzun Muxas kəndində tibb məntəqəsi tikildi, bu layihəni də udduq, 155 min avroluq. Sübhan müəllim mənə təmsilçilik hüququ verən vəkalətnamə verdi. Mən də onun yerinə imza atdım, tender udduq, 200 min manat təşkilata pul köçdü. Elə oldu ki, mənim imzamla təşkilata 1,3 milyon min manatlıq pul gəldi, ancaq elektron bəyannamələr gecikdi. Səbəb isə mühasibin 500 manatlıq maaşının gecikməsi oldu. 2019-cu ildə vergidən 6 min manatlıq cərimə gəldi, onu mənim atama 2020-ci ildə Sübhan Əsgərov ödətdirdi. Səbəb isə mənim imzamın olması idi. 2020-ci ildə isə Sübhan müəllim məni Ədliyyə Nazirliyi vasitəsilə Kənd İctimai Birliyinə sədr təyin etdirdi.
Qrantla əlaqədar Gəncəyə Zemfira xanımın ofisinə getdik, danışıqlar oldu. Bundan sonra 3-cü tranşın çox hissəsi Zemfira xanımın rəhbərlik etdiyi ictimai birliyin hesabına köçdü. 2020-ci ilin 1-ci tranş hesaba oturandan sonra Sübhan müəllim məni yuxarıda dediyim kimi, sədr təyin etdi. Ancaq birliyin möhürü Sübhan müəllimin özündə qaldı. Mən ilk dəfə verdiyim ifadəni indi də təsdiq edirəm. Pulu mənimsəyən, ölkədən qaçıb gedən adam möhürü təhvil verib gedir? Bu suala Sübhan müəllim cavab verə bilmədi, bütün müqavilələr də möhürlə aparılır. Biz 2 növ maliyyə əməliyyatı aparmışıq. Təsisçi Sübhan Əsgərov tərəfindən təsdiqlənib, möhürlənib və mən aparıb banka təqdim etmişəm. Köçürmə də olub şirkətlərə. Məndən maaşımı borc alan adam 360 min manatı kontrol eləməyib Sübhan müəllim? Hələ deyirdilər ki, Sübhan müəllimin 2 milyon manat borcu olub. Amma özü deyirdi mənim əlimdən 300 milyon manat pul keçib. 14 ifadə verən şahiddən 10 nəfəri məni tanımadı. Mənə deyirsiz bu siyasi işdir, Avropa üçün tutulası adam varsa hökmü verin gedim. Səbinə xanım mənə dedilər ki, siz pul almırsız, işə obyektiv baxıb bəraətlər verirsiz.
İlk olaraq 31123 manat pulu bankdan çıxardıb gətirib verdim Sübhan müəllimə. Sonra yenə 11750 manat bankdan pul çıxartdım".
Növbəti məhkəmə prosesi iyul ayının 16-na kimi təxirə salındı.
İttihamdan da məlum olur ki, Ramin Məmmədov regionlarda kənd təsərrüfatının inkişafına dəstək üçün Avropa İttifaqının qrant layihəsinə müraciət edib. Bu layihə çərçivəsində 423 min avro qrant alıb.
Həmin məbləğlə Goranboy, Tovuz, Ağstafa, Şəmkir və digər rayonlarda kənd təsərrüfatının inkişafı üçün təlimlərin keçilməsi və bu yöndə başqa addımların atılması nəzərdə tutulub.
Ramin Məmmədov təlimlərin keçirilməsi barədə yalan məlumatlar daxil etməklə bilə-bilə vəzifə saxtakarlığı törədib, vəzifə səlahiyyətlərindən sui-istifadə edib, ona əmanət edilən 364 min manat məbləği mənimsəməkdə ittiham olunub.
Seymur Əli