İqtisadiyyat hər bir dövlətin mövcudluğunu qoruyub saxlaması üçün ən vacib amillərdən biridir. İqtisadi siyasəti müəyyən məqsədlərə nail olmaq üçün müxtəlif dövlət tədbirləri vasitəsilə öz iqtisadi funksiyalarının həyata keçirilməsi prosesidir. Bu funksiyalara iqtisadiyyatın sabitləşməsi, mülkiyyət hüquqlarının müdafiəsi, pul dövriyyəsinin tənzimlənməsi, gəlirlərin yenidən bölüşdürülməsi, işəgötürənlərlə işçilər arasında münasibətlərin tənzimlənməsi, xarici iqtisadi fəaliyyətə nəzarət, xarici təsirlərə görə kompensasiya, bazar sisteminin fəaliyyətini dəstəkləmək və təmin etmək kimi proseslər daxildir. Bazar iqtisadiyyatında iqtisadi artımın, iqtisadi təhlükəsizliyin, tam məşğulluğun təmin edilməsi, iqtisadi azadlıq üçün şəraitin yaradılması, iqtisadi səmərəliliyin artırılması bütün ölkələrin əsas məqsədlərindəndir.
Dövlət və biznes mühiti arasında qarşılıqlı etimad yuxarıda sadalanan funksiya və məqsədlərin həyata keçirilməsində mühüm rol oynayır. Təsadüfi deyil ki, məhz bu etimad sayəsində çətin vəziyyətlərdən - pandemiya, müharibə kimi gözlənilməz situasiyalardan çıxmaq mümkün olub.
Bazar iqtisadiyyatına keçid, azad rəqabətə əsaslanan iqtisadi islahatlar digər ölkələrdə olduğu kimi, Azərbaycanda da büdcə nizamlanmasından tutmuş, mühüm sosial-mədəni, elmi layihələrin reallaşdırılmasının, o cümlədən siyasi fəaliyyətin təməlini təşkil edir.
Hələ 90-cı illərdə obyektiv və subyektiv səbəblərdən yaranmış dərin böhran xaotik sosial-iqtisadi və siyasi vəziyyətdən çıxaraq dinamik sosial-iqtisadi inkişaf mərhələsinə keçidi bir qədər ləngidirdi. Ölkənin 20 faiz ərazisinin Ermənistan tərəfindən işğal edilməsi, bir milyondan artıq soydaşımızın doğma yurd-yuvasından didərgin düşməsi sosial-iqtisadi böhranı daha da dərinləşdirmişdi. Ölkə iqtisadiyyatı idarəolunmaz bir vəziyyətə düşmüşdü. Lakin Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə aparılan köklü islahatlar qısa müddətdə öz səmərəsini verdi.
Azərbaycan hökuməti iqtisadi böhrandan çıxmağı, yeni iqtisadi mexanizmlər əsasında bazar münasibətlərinin dərinləşməsini, bazar infrastrukturunun yaradılmasının sürətləndirilməsini strateji məqsəd kimi qarşıya qoymuşdu.
Lakin sənayeni dirçəltmək onun əsasını təşkil edən neft sənayesində dünya texnologiyalarına əsaslanan irimiqyaslı layihələri həyata keçirmədən mümkün deyildi. Buna görə də, Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq", "Günəşli" yataqlarının işlənməsi üçün "Əsrin müqaviləsi" imzalandı (1994), Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) yaradıldı (1999).
Əsas gəlirləri xam neftin və qazın satışından daxilolmalar hesabına formalaşan ARDNF ölkə iqtisadiyyatının dirçəlməsində və irəliləməsində əsas sütun rolunu oynadı. Neft Fondu həyata keçirdiyi layihələrlə həm dövlət büdcəsinin formalaşdırılmasında, həm də bir sıra ümummilli layihələrin reallaşdırılmasında əvəzsiz maliyyə mənbəyi rolunu oynayır. Fond xarici şirkətlərlə əməkdaşlıq çərçivəsində əldə etdiyi neft gəlirlərini dövlət büdcəsi xətti ilə ölkə iqtisadiyyatına, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldib.
Xatırlatmaq yerinə düşər ki, 2003-cü ildən etibarən Dövlət Neft Fondunda olan kapitalın təqribən 140,6 milyard manatdan artıq hissəsi məhz dövlət büdcəsinə transfert edilib. Bu da ümumi xərcləmənin faktiki olaraq 95 faizi deməkdir.
Azərbaycanın dövlət büdcəsinin əsas donoru olan Neft Fondunun əsas məqsədlərinə gələcək nəsillər üçün ehtiyat vəsaitin toplanması ilə yanaşı, makroiqtisadi sabitləşdirmə, o cümlədən ölkə iqtisadiyyatının xarici iqtisadi təsirlərə qarşı qorunması da daxildir. ARDNF-nin xərc istiqamətlərində əsas yeri dövlət büdcəsinə transfert ilə bağlı öhdəliklər təşkil edir.
Fondun indiyədək maliyyələşdirdiyi layihələr dayanıqlı iqtisadi inkişafa və artım tempinin sürətlənməsinə səbəb olub.
Bu layihələrdən ən mühümü - Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri (BTC) "Əsrin müqaviləsi" çərçivəsində Xəzər dənizinin Azərbaycan sektorunda hasil olunacaq xam neftin dünya bazarına çıxışını təmin etmək üçün inşa edilmiş boru nəqliyyat vasitəsidir. Dövlət Neft Şirkəti BTC layihəsində iştirak etmək məqsədi ilə "AzBTC Co." törəmə şirkətini yaratmışdır. "AzBTC Co." şirkəti daxil olmaqla, layihənin bütün iştirakçıları layihənin dəyərinin 30%-lik hissəsini öz vəsaitləri hesabına, qalan 70%-lik hissəsini isə beynəlxalq maliyyə institutlarından, ixrac kredit agentliklərindən və kommersiya banklarından cəlb edilmiş kredit vəsaitləri hesabına maliyyələşdirirlər.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkün ailələrinin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması problemlərinin həlli layihəsi - 2001-ci ildən başlayaraq Dövlət Neft Fondunun vəsaiti hesabına qaçqın və məcburi köçkünlər üçün hündürmərtəbəli binaların, fərdi yaşayış evlərinin, sosial-mədəni, infrastruktur və digər obyektlərin tikintisi həyata keçirilir. 2020-ci ilin dekabrnadək bu layihə üzrə Fonddan ümumilikdə 2 702,7 milyon manat, o cümlədən cari il ərzində 200 milyon manat vəsait ayrılıb.
"Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi" layihəsinin əsas məqsədi Oğuz-Qəbələ ərazisindəki yeraltı su ehtiyatlarından istifadə etməklə Bakı şəhərinə saniyədə 5 kubmetr həcmində içməli suyun nəql olunması, əhaliyə yüksək keyfiyyətli suyun çatdırılması və Bakı şəhərinin içməli su təchizatının etibarlı və dayanıqlı olmasını təmin etməkdir. Layihənin maliyyələşdirilməsinə 2006-cı ilin əvvəlindən başlanılmış və 2011-ci ilin sonuna qədər layihə üzrə ümumilikdə 779,6 milyon manat vəsait ayrılıb.
"Samur-Abşeron kanalının rekonstruksiya edilməsi" layihəsinin əsas məqsədi Bakı və Sumqayıt şəhərlərinin su təchizatı sistemləri üçün sabit su sərfinə malik etibarlı su mənbəyi yaratmaq, suyun nəqlində mövcud enerji sərfini aradan qaldırmaq və bunun müqabilində 25 MVT gücündə enerji istehsal etməkdir. 2006-2018-ci illərdə Dövlət Neft Fondundan ümumilikdə 1 469,6 milyon manat vəsait istifadə olunmuşdur. Bu günə qədər layihəni idarə edən işçi qrupunun saxlanılması üçün ümumilikdə 5,2 milyon manat, o cümlədən cari il ərzində 477,2 min manat məbləğində vəsait ayrılıb.
Dövlət İnvestisiya Şirkətinin Nizamnamə kapitalının maliyyələşdirilməsi - ARDNF-nin 2006-cı il büdcəsindən 90 milyon manat İnvestisiya Şirkətinin nizamnamə kapitalının formalaşdırılmasına yönəldilmişdir. Şirkətin investisiya fəaliyyətinin məqsədinə əsasən ölkə iqtisadiyyatının qeyri-neft sahələrində fəaliyyət göstərən səhmdar cəmiyyətlərin və digər kommersiya təşkilatlarının nizamnamə kapitalındakı iştirak payını, o cümlədən səhmlərini almaqla müddətli investisiya qoyuluşunun həyata keçirilməsi təşkil edir.
Bakı-Tbilisi-Qars layihəsinin maliyyələşdirilməsi - Bu layihənin həyata keçirilməsi iqtisadi səmərəlilik, sürət və vaxt tezliyi, təhlükəsizlik və etibarlılıq baxımından böyük əhəmiyyət kəsb edir. Layihə üzrə Dövlət Neft Fondu tərəfindən ümumilikdə 745.9 mln. ABŞ dolları vəsait ayrılıb.
"2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsi - Dövlət proqramı çərçivəsində xaricdə təhsili maliyyələşdirilmiş tələbələrin təhsil dərəcələri üzrə bölgüsü belə olmuşdur:
43,3%- Magistratura
35,7% - Bakalavr
15,8%- Rezidentura
4,2%- Doktorantura
0,7%- Aspirantura
0,3% - Ordinatura
Dövlət proqramının maliyyələşdirilməsi məqsədilə 2008-2018-ci illər ərzində ARDNF tərəfindən ümumilikdə 212 681,4 min manat vəsait istifadə olunub.
"Cənub Qaz Dəhlizi" QSC-nin nizamnamə kapitalında dövlətin iştirak payının maliyyələşdirilməsi - “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri layihələrinin idarə edilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən nizamnamə kapitalı 100 milyon ABŞ dolları məbləğində olan və səhmlərinin 51%-i dövlət mülkiyyətində, 49%-i Dövlət Neft Şirkətinə məxsus olan “Cənub Qaz Dəhlizi” qapalı səhmdar cəmiyyəti (Cəmiyyət) təsis edilib. 14 aprel 2014-cü il tarixində ARDNF tərəfindən Cəmiyyətin birbaşa dövlət mülkiyyətində olan hissəsinin maliyyələşdirilməsini təmin etmək məqsədilə 51 milyon ABŞ dolları və yaxud 40 milyon manat məbləğində vəsait İqtisadiyyat Nazirliyinin dövlət xəzinədarlığındakı müvafiq hesabına köçürülüb. ARDNF tərəfindən Cəmiyyətin nizamnamə kapitalının artırılması üçün ümumilikdə 1 232,1 milyon ABŞ dolları (51%) vəsait ayrılıb.
Türkiyə Respublikasında "Star" neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi- layihənin təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. Layihənin ARDNF tərəfindən maliyyələşdirilməsi Azərbaycan Respublikası Prezidentinin “SOCAR Türkiyə Ege” Neft Emalı Zavodu (bundan sonra - STAR) layihəsində Azərbaycan tərəfinin iştirakının dəstəklənməsi məqsədilə əlavə tədbirlər haqqında 4 fevral 2013-cü il tarixli 2698 nömrəli Sərəncamına əsasən həyata keçirilir. Sərəncama əsasən nizamnamə kapitalı 1 900 milyon ABŞ dolları təşkil edən səhmdar cəmiyyət yaradılıb və Cəmiyyətin səhmlərinin 40%-nin maliyyələşdirilməsi ARDNF-yə tapşırılıb.
Xəzər dənizində yeni, müasir, üzən qazma qurğusunun tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi - 2013-cü ildə ARDNF büdcəsinə daxil edilən digər bir layihə altıncı nəsil yarımbatan qazma qurğusunun tikintisinin maliyyələşdirilməsi layihəsidir. Üzən qazma qurğusunun tikintisi məqsədilə 10% Dövlət Neft Şirkətinə, 90% Kaspian Drillinq Kompany limited MMC-yə (“KDK” MMC) məxsus Socar Rig Assets MMC yaradılıb. 2013-cü ildən Socar Rig Assets MMC-nin 90%-lik payı üzərində sahiblik hüququ ARDNF-yə keçib. Layihə büdcəsinin maksimum həddi 1 116,7 milyon ABŞ dolları (1 005,0 milyon ABŞ dolları – ARDNF-nin payı) təşkil edir. Ümumi olaraq ARDNF tərəfindən layihəyə 904,6 milyon ABŞ dolları vəsait ayrılıb.
2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramı - Dövlət Xəzinədarləq Agentliyinin 1 saylı Xəzinədarlıq İdarəsindəki müvafiq hesablara ARDNF tərəfindən ümümilikdə 65 471,9 min manat vəsait ayrılıb. Layihə üzrə ARDNF-nin 2024-cü il üzrə büdcəsində 33,52 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. .
Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı- proqramın icrası müddətində hər il 400 nəfərdən çox olmamaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan vətəndaşının xaricdə bakalavriat və magistratura səviyyələrində təhsil alması təsdiq edilib. Dövlət Proqramı çərçivəsində 31.03.2024-cü il tarixinə müvafiq hesablara ARDNF tərəfindən ümümilikdə 52,783.8 min manat, o cümlədən 2024-cü ilin I rübü üzrə 3,204.2 min manat vəsait ayrılıb. ARDNF-in 2024-cü il üzrə təsdiq edilmiş büdcəsində Dövlət Proqramı üzrə 47,460.0 min manat vəsaitin ayrılması nəzərdə tutulub. 2024-cü ilin I rübü üzrə layihə 7% icra edilib.
Bu il mart ayının 31-nə ARDNF aktivləri 2024-cü ilin əvvəlinə (56 069,7 milyon ABŞ dolları) nisbətən 2,3 faiz artaraq 57 372,8 milyon ABŞ dolları təşkil edib. Cari ilin yanvar-mart ayları ərzində ARDNF-in büdcə gəlirləri 5 268,3 milyon manat, büdcə xərcləri isə 3 205,4 milyon manat təşkil edib.
Hesabat dövrü ərzində ARDNF-in 2024-cü il büdcəsinin icrası çərçivəsində 3 195,3 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. 2024-cü ilin yanvar-mart aylarında “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 1,0 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın maliyyələşməsinə isə 3,2 milyon manat yönəldilib.
Göründüyü kimi, ARDNF-in maliyyələşdirdiyi bu layihələr ölkə iqtisadiyyatı ilə yanaşı, infrastrukturun qurulmasında, elm və təhsil, mədəniyyət, ümumi inkişaf istiqamətlərində uğurlu işlərin görülməsində əsas baza təşkil edib. Bununla da xalqın maddi rifah halının daha da yaxşılaşması ilə yanaşı, ölkənin beynəlxalq nüfuzunun artması, bir çox mühüm xarici layihələrə qoşulması təmin edilib.Bununla da, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş milli iqtisadi inkişaf modeli həyata keçirilən layihələr sayəsində dinamik iqtisadi inkişafı və etibarlı siyasi sabitliyi təmin edir.
Nuranə Abbasova
Bu yazı ARDNF-nin yaradılmasının 25-ci ildönümü münasibətilə münasibətilə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun makroiqtisadi sabitliyin təminatında və ölkə iqtisadiyyatının inkişafında rolu” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.