İyulun əvvəlindən Kiyev, Moskva və Pekində qondarma sülhməramlı missiyada olan Macarıstanın baş naziri Viktor Orban Aİ liderlərinə Ukrayna və Rusiya prezidentləri Vladimir Zelenski və Vladimir Putinlə görüşlərinin təfərrüatlarını açıqlayan məktub yazıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, redaktorlar gizli sənədi adının açıqlanmasını istəməyən avropalı məmurdan alıblar.
Məktubda Kremlin müharibə ilə bağlı mövqeyi açıqlanıb.
Qeyd olunub ki, məktub iyulun 5-ə aiddir və Macarıstanın baş nazirinin Moskvadan sonra səfər etdiyi Azərbaycandan göndərilib. Sənəd Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Aİ-yə üzv ölkələrin liderlərinə ünvanlanıb.
Məktubda deyilir: "Kreml əmindir ki, vaxt Ukraynanın tərəfində deyil, Rusiya qüvvələrinin tərəfindədir". Macarıstanın baş nazirinin sözlərinə görə, Putin Ukrayna silahlı qüvvələrinin itkilərini ayda 40-50 min nəfər hesab edir. Bununla belə, o, Rusiyanın itkilərinin sayını qeyd etməyib.
"Rusiya Federasiyasının prezidenti Ukrayna prezidentinin müvəqqəti atəşkəs ideyasını rədd etməsinə təəccübləndi", - deyə Orban yazıb. Onun sözlərinə görə, eyni zamanda, Moskva Ukrayna qüvvələrinin məxfi yerdəyişməsi və yenidən qruplaşdırılması rolunu oynamayan istənilən atəşkəs təklifini nəzərdən keçirməyə hazırdır.
Orbanın sözlərinə görə, o, Putinlə qondarma Çin-Braziliya sülh planını (Ukrayna böhranının siyasi həllinə dair Çin və Braziliya arasında ümumi razılaşmalar) müzakirə edib: "Rusiya tərəfi bu planı müzakirə edir".
Macarıstanın baş naziri hesab edir ki, Avropa Rusiyanın Ukraynaya qarşı müharibəsində sülhyaratma proseslərinə başlamaq üçün təşəbbüs göstərməlidir: "Əgər bu prosesi (Ukrayna müharibəsi – red.) saxlaya bilməsək və ya dayandıra bilməsək, o zaman qarşıdakı iki ayda cəbhə xəttində əvvəlkindən daha dramatik itkilərin və hərbi hadisələrin şahidi olacağıq".
Ağarza Elçinoğlu