Ermənistan hakimiyyətinin Rusiyanın Qarabağı təhvil verməsi barədə bəyanatı yalandır.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının MDB Komitəsinin sədrinin birinci müavini Konstantin Zatulin deyib
Zatulin qeyd edib ki, bu bəyanat İrəvanın Qərbə getmək qərarına haqq qazandırmaq məqsədi daşıyır: "Cənab Armen Qriqoryan sensasion bəyanatı ilə Qarabağın itirilməsinə və Rusiyaya təslim olmasına görə məsuliyyəti üzərinə götürdü. Rusiya çox çətin, mən deyərdim ki, axmaq vəziyyətə düşdü, çünki tərəflərin, ilk növbədə Ermənistan tərəfinin xahişi ilə Qarabağda öz sülhməramlılarını yerləşdirdikdən sonra Moskva sülhməramlıların fəaliyyət göstərməsinə imkan verən mandat almadı. Ən əsası isə odur ki, 2022-ci ildə Ermənistanın baş naziri Qərb paytaxtlarında Qarabağın Azərbaycanın daxili problemi olduğunu açıq şəkildə bəyan etdi".
Onun fikrincə, yeni müharibənin qarşısını almaq, sülhə nail olmaq, münasibətləri yenidən formalaşdırmaq bəhanəsi ilə Paşinyan Qarabağdakı soydaşlarınıdan imtina edib: "2023-cü ildə baş verənlər bunun nəticəsi idi. Rusiya və Rusiya sülhməramlıları Qarabağda və eyni zamanda Ermənistanın özünün rəsmən Azərbaycan kimi tanıdığı ərazidə olmaqla çox axmaq vəziyyətə düşüblər. Bu vəziyyətdə onlar nə edə bilərdilər? Düşünürəm ki, təkcə sülhməramlıların işində deyil, ümumilikdə Rusiyanın Zaqafqaziyada fəaliyyətində də hər cür nöqsanlara rast gəlmək olar, lakin Rusiyanın Qarabağı verdiyini söyləmək, şübhəsiz ki, yalandır.
Müharibə başlayandan sonra, Putin bunu dayandırmağa çalışdı. Və yenə də cənab Paşinyan hərbi əməliyyatları dayandırmaqdan imtina etdi, çünki Şuşanın alınmasından söhbət getməyəndə, həmin epizodu xatırlayırsınız, o, Ermənistanın bu vəziyyəti özü həll edəcəyini düşünürdü.
Rusiya maraqlı idi ki, Qarabağ erməniləri orada yaşasınlar ki, Qarabağ müəyyən şərtlər daxilində müstəqillik əldə etsin, müstəqillik olmasa, heç olmasa, ermənilərin orada dinc və sakit yaşamasına şərait yaradacaq bir status saxlasın. Mən tam əminəm ki, bu, Rusiyanın marağı idi".
Ağarza Elçinoğlu