İyul ayının 9-da Sabunçu Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib.

"Unikal" xəbər verir ki, konfransda Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov, Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov, Sabunçu Rayon Ağsaqqallar Şurasının sədri Vəli Qaraçaylı, Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, rayon ağsaqqalları və ziyalılar iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.

Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin və dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sabunçu Rayon Ağsaqqallar Şurasının sədri Vəli Qaraçaylı Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanovu və digər tədbir iştirakçılarını salamlayaraq, ötən dövr ərzində görülən işlərlə bağlı hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, təşkilat üzvləri aktual mövzularda bir sıra yığıncaqlar, görüşlər, tədbirlər keçiriblər, gənclərlə maarifləndirici işlər aparıblar. Natiq, həmçinin, qeyd edib ki, Şura Rayon İcra Hakimiyyəti və YAP Sabunçu rayon təşkilatı ilə birgə 2023-cü il – “Heydər Əliyev İli” çərçivəsində bir sıra yığıncaqlar, görüşlər, o cümlədən “Prezident İlham Əliyevin çoxşaxəli siyasəti” mövzusunda dəyirmi masa və digər tədbirlər keçirib. Vəli Qaraçaylı rayon ağsaqqallarının cari ilin 7 fevral tarixində keçirilən  növbədənkənar prezident seçkilərində tam səfərbər olduqlarını, təbliğat-təşviqat prosesində, habelə səsvermədə yüksək fəallıqla iştirak etdiklərini və qalib xalqın qalib Lideri cənab İlham Əliyevi bütün imkanları ilə dəstəklədiklərini  diqqətə çatdırıb. Natiq, həmçinin, vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr etdiyi “Yüz il öncə”, habelə  Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin möhtəşəm sərkərdəlik qabiliyyətinə ithaf olunan “Dəmir Yumruq” və digər şeirləri, o cümlədən yerli televiziyaların maarifləndirici proqramlarındakı çıxışları cəmiyyətimiz tərəfindən yüksək dəyərləndirilib. Sabunçu Rayon Ağsaqqallar Şurasının sədri Vəli Qaraçaylı çıxışının sonunda əmin edib ki, rayon ağsaqqalları bundan sonra da öz fəaliyyətlərini aktiv şəkildə davam etdirəcəklər.

Sonra çıxış edən Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov vətəndaşlarla səyyar görüşdə olduğu üçün tədbirdə iştirak edə bilməyən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin salamlarını Əhliman Əmiraslanova və konfrans iştirakçılarına çatdırıb. Vurğulayıb ki, ölkəmizin hər bir bölgəsində  aktiv fəaliyyət  göstərən ağsaqqallar Sabunçu rayonunda da ictimai-siyasi və mədəni tədbirlərdə yaxından iştirak və çıxışlar edir, öz fəallıqları ilə seçilirlər. O, rayonda fəaliyyət göstərən 33 qeyri-hökumət təşkilatı içərisində Rayon Ağsaqqallar Şurasının hər zaman ictimai proseslərdə daha səmərəli və dövlətçiliyə sadiq  mövqe ortaya qoyduğunu bildirib. Ağsaqqalların rayonda həyata keçirilən ideoloji maarifləndirmə işlərində də aktiv təmsil olunduqlarını vurğulayan Ədalət Teymurov onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Konfransda çıxış edən Sabunçu rayonu Nardaran qəsəbəsinin ağsaqqalı Hacıağa Nuriyev, Bakıxanov qəsəbəsinin ağsaqqalı Sabir İsayev və digərləri Vəli Qaraçaylının sədrliyi ilə Şuranın gördüyü işləri təqdirəlayiq hesab ediblər. Hər zaman öz fəaliyyətləri ilə xalqın Prezidentinin, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yanında olduqlarını və onun həm xarici, həm də daxili siyasətini müdafiə etdiklərini bildiriblər. Natiqlər, həmçinin, Sabunçu Rayon Ağsaqqallar Şurasının iş otağının olmadığını Əhliman müəllimin diqqətinə çatdıraraq, işğaldan azad edilmiş torpaqlarımıza  ağsaqqalların səfərlərinin təşkil edilməsi ilə bağlı istəklərini də dilə gətiriblər.

Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov çıxış edərək Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını konfrans iştirakçılarına çatdırıb. Rayon ağsaqqalları və ziyalıları ilə görüşməkdən məmnun olduğunu bildirən natiq qeyd edib ki,  Sabunçu rayonunun, onun qəsəbə və kəndlərinin əhalisi daim milli-mənəvi dəyərlərimizə, dinimizə  bağlılıqları və dövlətimizə sədaqətləri seçiliblər, Ulu Öndər Heydər Əliyevi və onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi hər zaman dəstəkləyiblər. Əhliman Əmiraslanov öz çıxışında Bakı kəndlərində vaxtaşırı  olaraq iştirak etdiyi tədbirlərdən, görüşlərdən, Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin təşəbbüsü ilə təşkilatın Sabunçu rayonunda həyata keçirdiyi xeyriyyə işlərindən ətraflı bəhs edib. Tədbirdə kənd və qəsəbələri təmsil edən nüfuzlu, böyük həyat təcrübəsinə malik olan ağsaqqalların iştirakını razılıqla qarşılayan natiq vuğulayıb ki, ağsaqqal olan yerdə ruzi-bərəkət var, əmin-amanlıq var, Allah heç bir cəmiyyəti ağsaqqalsız etməsin.

Sonra Əhliman Əmiraslanov Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ölkəmizi Zəfərə aparan uğurlu diplomatiyasından, qətiyyətli daxili və xarici siyasətindən söz açıb. Qarabağımızda həyata keçirilən möhtəşəm işlərdən bəhs edib. Vurğulayıb ki, indi biz həyatımızın ən parlaq, ən qürurlu, ən şərəfli dövrünü yaşayırıq. Çıxışında ağsaqqalların istəklərinə və qaldırılan məsələlərə də münasibət bildirərək həmin məsələlərin həlli üçün lazımı tədbirlərin  görüləcəyini qeyd edib. Sabunçu Rayon Ağsaqqallar Şurasının həyata keçirdiyi fəaliyyəti yüksək qiymətləndirən Əhliman Əmiraslanov təşkilatın bundan sonra da öz vəzifələrinin öhdəsindən layiqincə gələcəyinə əminliyini ifadə edib və hər kəsə möhkəm cansağlığı, uğurlar arzulayıb.