Fransa prezidenti Emmanuel Makron növbədənkənar seçki keçirmək qərarı ilə ölkəsini daha da parçalayıb.
"Unikal" xəbər verir ki, bu barədə Amerikanın siyasi nəşri “Politico”da dərc olunan məqalədə deyilir.
"Keçən ay Avropa Parlamenti seçkilərində sarsıdıcı məğlubiyyətdən sonra Makron erkən seçkilər təyin etməklə ən yaxın müşavirlərini belə şoka salmışdı. Bazar günü rekord fəallıqla solçu alyans mandatların əksəriyyətini qazandı, hahsı ki, ifrat solçu baxışlı çoxlu sayda parlamentariləri əhatə edir. Nəticədə, Makronun mərkəzçi koalisiyası toz kimi dağılır, yerlərinin təxminən üçdə birini itirir və parlamentdə uzağı ikinci yerə yaxınlaşır. Fransa indi onilliklər ərzində heç vaxt olmadığı qədər siyasi cəhətdən parçalanıb.
Makron özündən başqa heç kimlə məsləhətləşmədən növbədənkənar seçkilər təyin etmək barədə taleyüklü qərarı verdi - bu da onun cəsarətli, qəhrəman Fransa prezidenti olmaq arzusuna uyğun növbəti cəsarətli qumar oyunudur. Bu prosesdə o, qəzəbli fransız elektoratını həddindən artıq sağa və həddindən artıq sola doğru təzim etdirdi. Əgər yaxın günlərdə və həftələrdə səmərəli bir hökumət qurmağı bacarsa belə, o, Fransa cəmiyyətini dərindən parçalanmış vəziyyətdə qoyacaq", - məqalədə deyilir.
Müəllif vurğulayır ki, Makron hədsiz dərəcədə özünə əmin olmayan, təkəbbürlü bir insandır: fransız ictimaiyyəti ilə ortaq dil tapa bilməyən tək siyasətçidir.
"Keçən il Çinə səfərim zamanı təyyarədə yanımda prezidenti hər yerdə müşayiət edən hündürboylu hərbçi oturmuşdu. Əvvəlcə onun fransız “nüvə portfeli”nə cavabdeh olan zabit olduğunu güman etmişdim. Ancaq səfərdən qısa müddət sonra başa düşdüm ki, onun işi əslində Makronun geniş qarderobuna baxmaq və paltar dəyişdirməkdir. Pekin və Quançjou arasında üç saatlıq uçuş zamanı mən Makronun paltarını ən azı üç dəfə - təyyarəyə minərkən rəsmi kostyumdan, ön tərəfində “French Tech” yazısı olan kapüşonlu paltara və təyyarədən çıxarkən başqa kostyuma qədər dəyişdiyini müşahidə etdim", - müəllif yazır.
"Niyə insanlar, xüsusən də Fransanın “xalqı” ona bu qədər nifrət edir? Ekspert həmkarlarımdan birinin dediyi kimi, o, qəribə adamdır - o, təkəbbürlü, elitar, heç kimlə əlaqəsi olmayan, fransızlara isə yad adam hesab olunur. Fransız auditoriyası Makronu gülməli hesab etməsələr də, o, tez-tez saxta və qeyri-səmimi görünür. O, nədənsə, bir az qeyri-insani, çox mükəmməl, insanabənzər robot kimi görünür. Doğrudan da, bəzən elə görünə bilər ki, o, Fransa prezidenti rolunu oynayır", - deyə müəllif izah edir.
Məqalədə qeyd olunur ki, keçmişdə Makronun seçicilərə əsas mesajı ondan ibarət idi ki, yalnız onu və partiyasını seçməklə, onun adlandırdığı neofaşist ifrat sağçı hökumətin dəhşətindən xilas ola bilərlər.
"O, bu dəfə oxşar nəticədən qaça bilərdi, amma ölkəni daha da idarəolunmaz hala gətirdi. Məndə güclü təəssürat yaranır ki, Makron qarşısında çıxış etdiyi bütün auditoriyanı aldatmağa çalışan çılğın teatr tələbəsi olaraq qalır", - müəllif yazır.