Türkiyə Ermənistan üçün nəzərdə tutulan yüklərin öz səması ilə daşınmasına qadağa qoyub.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Qeyd olunub ki, Belçikanın Liege şəhərindən İrəvana uçan Ethiopian Airlines-a məxsus Boeing 777F yük təyyarəsi Almaniya, Polşa, Slovakiya, Macarıstan, Rumıniya hava məkanından keçərək Bolqarıstanın hava məkanına daxil olub. O, bundan sonra Türkiyənin hava məkanından keçərək İrəvana çatmalı idi. Təyyarə Bolqarıstan səmasında bir neçə dövrə vurub və Türkiyə tərəfdən giriş icazəsi almayaraq Vyanaya geri dönüb, orada eniş edib, sonra isə yenidən Liegeyə qayıdıb.
Ermənistan Mülki Aviasiya Komitəsindən bildirilib ki, Efiopiya yükdaşıyıcısının bütün lazımi icazələri var, lakin Türkiyə son anda təyyarənin səmasına daxil olmasını qadağan edib.
Türkiyənin qadağası nəticəsində dünən İrəvan-Tbilisi reysi də baş tutmayıb. Erməni yükdaşıyıcısının rəhbəri qeyd edib ki, Türkiyə tərəfi Avropadan Cənubi Qafqaza, xüsusən də Gürcüstana yük daşıyacaq milli aviadaşıyıcısı “Türk Hava Yolları”nın mümkün rəqiblərinə mane olmaq istəyir. Müvafiq olaraq, Türkiyə operatoru Ermənistana uçmasa da, müxtəlif məntəqələrdən Qafqaz regionuna gedən marşrutlarda kifayət qədər aktivdir.
Ağarza Elçinoğlu