Moskva Aİ missiyasının İrəvanın təsdiqi ilə daimi ola biləcəyindən narahatdır.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RİA “Novosti”yə bildirib.
"Biz həmçinin narahatıq ki, İrəvanın təsdiqi ilə missiya nəinki genişlənir, həm də müvəqqətidən daimiliyə keçmək təhlükəsi yaradır. Bundan əlavə, bildiyiniz kimi, bu ilin aprelində missiya heyətində Kanada nümayəndələri meydana çıxdı, bu, de-fakto NATO-nun Cənubi Qafqaza sürətlə nüfuz etməsi deməkdir", - Qaluzin vurğulayıb.
Onun sözlərinə görə, Rusiya tərəfi İrəvan və digər regional tərəfdaşlarla təmaslarında Aİ missiyası mövzusunu daim qaldırır: "Biz əminik ki, Cənubi Qafqazda sabit sülhə yalnız Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında 2020-2022-ci illərdə əldə edilmiş üçtərəfli razılaşmaların hərtərəfli həyata keçirilməsi əsasında nail olmaq olar".
Rusiya Federasiyası xarici işlər nazirinin müavini həmçinin bəyan edib ki, Ermənistanda qərblilər Rusiya obyektləri, eləcə də qonşu dövlətlər haqqında kəşfiyyat məlumatları toplaya bilərlər.
Ağarza Elçinoğlu