Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov Aşura günündə icra aparatının məsul şəxsləri, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri və şəhid ailələrinin üzvləri ilə birgə müstəqilliyimizin qorunması, torpaqlarımızın azadlığı, sərhədlərimizin müdafiəsi və ərazi bütövlüyümüzün bərpası uğrunda canını fəda edən Lənkərandan olan Milli Qəhrəmanların abidəsini və şəhidlərin şəhərin Şəhidlər Xiyabanı, Kiçik Bazar və Şilavar qəbiristanlığındakı məzarlarını ziyarət edib. 

"Unikal" xəbər verir ki, Milli Qəhrəmanların abidəsi və şəhid məzarları önünə tər çiçəklər düzülüb, ruhlarına dualar oxunub. Taleh Qaraşov Milli Qəhrəman və şəhid ailələri ilə söhbət edib, onların qayğı və istəkləri ilə maraqlanıb. 

Rayonun bütün inzibati ərazi dairələrindəki şəhidlərin məzarları da Lənkəran ŞİH aparatının məsul şəxslərinin iştirakı ilə ziyarət olunub, şəhidlərimizə olan hörmət və ehtiram, onların ailə üzvlərinə qarşı diqqət və qayğı göstərilib.

Qeyd edək ki, Aşura günü ilə bağlı iyulun 15-16-da Mərkəzi Qan Bankının Lənkəran bölməsində qanvermə aksiyası təşkil olunub, donorlardan götürülən qanlar yoxlanıldıqdan sonra talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsində istifadə olunacaq.