İyulun 16-da Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbovun sədrliyi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2024-cü ilin birinci yarımili ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
"Unikal" xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.
Müşavirədə giriş nitqi ilə çıxış edən Baş İdarə rəisi cari ildə mövcud zaman şərtlərinin mürəkkəbliyinin Azərbaycan Respublikasını tutduğu sürətli inkişaf yolundan yayındıra bilməməsi, ölkəmiz öz strateji hədəflərinə doğru qətiyyətlə irəliləməyə davam edərək növbəti uğurlara imza atması, Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu bu uğurlu inkişaf modelinin tətbiqinin ardıcıl tarixi sınaqlardan çıxmaqla əvvəlki illərdə olduğu kimi 2024-cü ilin ötən dövründə də milli maraq və mənafelərimizin qarantı rolunu oynaması, habelə bu nəhəng inkişafın davamlılığının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müdrik idarəetmə fəlsəfəsi əsasında təmin edildiyini, qeyd edib.
Müşavirə zamanı hesabat dövrü ərzində baxılmış müraciətlər, cinayət xarakterli məlumatlar, həyata keçirilmiş əməliyyat və qabaqlayıcı tədbirlər, onların müsbət nəticələri, beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əməkdaşlıq, başlanmış, ibtidai istintaqı tamamlanmış və məhkəmələrə göndərilmiş cinayət işləri, istintaq zamanı vurulmuş ziyanın ödənilməsi ilə əlaqədar görülmüş tədbirlər barədə olan statistik məlumatları müqayisəli şəkildə təhlil etməklə müşavirə iştirakçılarının diqqətinə çatdırıb.
Bildirilib ki, qeyd olunan dövrdə Baş İdarəyə 5112 müraciət daxil olub, eləcə də, 715 vətəndaşın qəbul edilməsi təmin edilib.
Bundan başqa, əlaqəli dövlət qurumları ilə birgə yerinə yetirilmiş tədbirlər nəticəsində vətəndaşlar tərəfindən “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətlərdən böyük əksəriyyətinin müsbət həll edilməsi təmin edilib, zəruri hallarda cinayət-hüquqi tədbirlər görülüb.
Qurum tərəfindən korrupsiya cinayətlərinə şərait yaradan halların aradan qaldırılması, yol verilən qanun pozuntularının səbəblərinin müəyyən edilməsi və gələcəkdə bir daha törədilməməsi üçün müxtəlif qurumlara 110 təqdimat göndərilib. Həmin təqdimatlara əsasən bir sıra işçilər intizam məsuliyyətinə cəlb edilib və bu kimi digər zəruri tədbirlərin görülməsi təmin olunub.
Baş İdarənin əməliyyat qurumları tərəfindən 93 cinayət işi başlanıb, keçirilmiş 28 əməliyyat-axtarış tədbiri nəticəsində korrupsiya cinayəti törədən 25 şəxs cinayət başında yaxalanıb, habelə axtarışda olan 4 nəfər saxlanılıb.
Hesabat dövrü ərzində idarədə 150 şəxs barəsində 111 cinayət işinin ibtidai istintaqı tamamlanıb, onlardan 122 şəxs barəsində 93 cinayət işi* baxılması üçün məhkəmələrə göndərilib. Məhkəmələrə göndərilmiş cinayət işlərinin mütləq əksəriyyəti üzrə ittiham hökmləri çıxarılıb, qalanları isə hazırda məhkəmə baxışındadır.
Hesabat dövrü ərzində istintaqı başa çatdırılmış cinayət işləri üzrə ümumilikdə özgə əmlakına vurulmuş 61 milyon 909 min 129 manat məbləğində maddi ziyandan 40 milyon 386 min 399 manatının ödənilməsi təmin olunub.
Zərərin ödənilməsi məqsədilə istintaqı başa çatdırılmış cinayət işləri üzrə 8 milyon 32 min 611 manat məbləğində əmlak üzərinə həbs qoyulması təmin olunub.
Qeyd olunan dövrdə Baş İdarənin fəaliyyətinin və antikorrupsiya qanunvericiliyinin təkmilləşdirilməsi və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilib.
Ümumilikdə ötən illər ərzində görülmüş işlərin nəticəsi kimi Avropa Şurasının Pulların Leqallaşdırılmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Mübarizə Tədbirlərinin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi (MONEYVAL) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Anti-korrupsiya Şəbəkəsi də daxil olmaqla beynəlxalq təşkilatların hesabatlarında ölkəmizdə bu istiqamətdə həyata keçirilən bir sıra tədbirlər müsbət dəyərləndirilib.
Dövlət Başçısının fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə beynəlxalq əməkdaşlığın önəmini və qarşılıqlı təcrübənin paylaşılmasının əhəmiyyətini nəzərə almaqla bu sahədə ixtisaslaşmış beynəlxalq təşkilatlarla və digər dövlətlərin müvafiq orqanları ilə əlaqələrin qurulmasına, habelə daha da inkişaf etdirilməsinə xüsusi diqqət yetirilib.
Tədbirdə Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevin göstərişləri müşavirə iştirakçılarının diqqətinə çatdırılmaqla vətəndaşların müraciətlərinə baxılması, “161-Qaynar xətt” əlaqə mərkəzinin fəaliyyətinin daha da gücləndirilməsi, korrupsiyaya daha çox məruz qalan sahələrlə bağlı davamlı təhlillərin aparılması, digər hüquq mühafizə orqanları və Baş Prokurorluğun aidiyyəti struktur qurumları ilə birgə fəaliyyətin səmərəliliyinin artırılması istiqamətində müvafiq işlərin davam etdirilməsinin zəruriliyi ifadə edilib.
Əməliyyat müşavirəsinin sonunda qurumun əməkdaşlarına zəruri əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinin diqqətdə saxlanılması, cinayət işlərinin istintaqı zamanı vurulmuş maddi ziyanın ödənilməsinin təmin edilməsi, əmlakın bərpası, qətimkan tədbirlərinin səmərəli tətbiqinə nail olunması məsələlərinə xüsusi önəm verilməsi, müvafiq sahələr üzrə bilik və bacarıqların inkişaf etdirilməsi istiqamətində bir sıra tapşırıq və tövsiyələr verilib.