Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidentliyinə namizəd Donald Trampla telefon danışığı aparıb.
"Unikal" "Sabah"a istinadən xəbər verir ki, danışıq zamanı Trampa qarşı sui-qəsd və ondan sonra baş verənlər müzakirə edilib.
Ərdoğan Trampa qarşı sui-qəsdi bir daha pisləyib və tezliklə sağalmasını arzulayıb.
Türkiyə lideri Trampa sui-qəsd cəhdini demokratiyaya hücum kimi qiymətləndirib və onun proqramlarını davam etdirməsinin demokratiyanı gücləndirdiyini bildirib.
Danışıq zamanı Ərdoğan sui-qəsd cəhdindən sonra qütbləşməni və gərginliyi azaltmaq üçün Trampın sakitləşdirici birlik mesajları ilə güclü liderlik nümayiş etdirdiyini bildirib və onu Respublikaçılar Partiyası tərəfindən ABŞ prezidentliyinə rəsmi namizəd kimi irəli sürülməsi münasibətilə təbrik edib.
Ərdoğan noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərinin ABŞ xalqı və Türkiyə-ABŞ münasibətləri üçün faydalı olacağına ümid etdiyini bildirib.