"SalamNews” informasiya agentliyi və “İnterAz”ın rəhbəri Mətləb Bağırovun cinayət işi üzrə məhkəməsi davam etdirilib.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.

Şahid Mircəlal Məmmədovun sözlərinə görə, o "İnteraz"da işləyib: "İnteraz-da video montajçı işləmişəm. Qeyri-rəsmi olaraq 2 aydan çox işləmişəm. Təqsirləndirilən şəxsdən hər hansı bir tapşırıq almamışam. Ordan çıxmağıma səbəb iş baxımından ortaq məxrəcə gəlməməyimiz olub".

Şahid Mübariz Gülməmmədov isə "İnteraz"da bölgə müxbiri olaraq əməkdaşlıq etdiyini deyib: "İnter.az-la əməkdaşlıq etmişəm. Bölgədə baş verən hadisələri ora göndərirdim. 2 ilə yaxın müddətdə qeyri-rəsmi olaraq işləmişəm. İşə hansı səbəbdən rəsmiləşdirilməməyim barədə heçnə deyə bilmərəm".

Məhkəmənin növbəti iclası sentyabrın 9-na təyin edilib.

Qeyd edək ki, Hacı Mətləb kimi tanınan Mətləb Bağırov İranın Qum şəhərində və Suriyada dini təhsil alıb. O, ötən il yanvarın 30-da həbs olunub. Cinayət işi üzrə zərərçəkmiş qismində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tanınıb. Ona qarşı vergidən yayınmaqda, qaçaqmalçılıqda, narkotik vasitələrin dövriyyəsində və digər bu kimi cinayətlərlə bağlı ittiham verilib.

Seymur Əli