Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Polşanın Azərbaycandakı səfiri Rafal Poborskini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Bildirilib ki, görüş zamanı ikitərəfli və regional gündəlikdə duran məsələlər müzakirə olunub.
Tərəflər iki ölkə arasında mövcud olan əməkdaşlıq münasibətlərindən bəhs edərək bu xüsusda ali səviyyədə həyata keçirilən təmasların və görüşlərin dostluq, hörmət və strateji tərəfdaşlığa əsaslanan əməkdaşlığın inkişafına təkan verdiyini qeyd ediblər.
Azərbaycanla Polşa arasında siyasi, iqtisadi, energetika, alternativ enerji, humanitar, təhsil və s. sahələr üzrə ikitərəfli münasibətlərin geniş perspektivə malik olduğu, əlaqələrin inkişafında siyasi məsləhətləşmələr mexanizminin, habelə parlament diplomatiyasının əhəmiyyəti qeyd olunub.
Bu il Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da inkişafı üçün əhəmiyyətli olduğu vurğulanıb.
Nazir Polşa səfirinin ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirib və səfirə gələcək diplomatik fəaliyyətində uğurlar arzu edib.