Müdafiə Nazirliyində yüksək vəzifədə çalışmış daha bir şəxs həbs edilib.
"Unikal" xəbər verir ki, Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin Əsaslı və Cari Təmir bölməsinin sabiq müdiri Rəhim Laçınova Cinayət Məcəlləsinin 179.4-cü və 32.5, 341.2.3-cü maddələri ilə ittiham elan edilib.
Hərbi Prokurorluğunun İstintaq idarəsində istintaq olunan cinayət işi üzrə müvafiq əməlləri törətməsinə əsaslı şübhələr müəyyən edilən R.Laçınov barəsində Hərbi Prokurorluğunun təqdimatına əsasən, Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hərbi prokurorun böyük köməkçisi - mətbuat xidmətinin rəhbəri Firad Əliyev “Qafqazinfo”ya bildirib ki, hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək.
Xatırladaq ki, Rəhim Laçınov daha əvvəl Müdafiə Nazirliyindəki 143 milyonluq yeyintidə ittiham olunan general-mayor Nizami Məmmədov və digərlərinin işinə şahid kimi cəlb edilib. O, sonuncu ifadəsində nazirliyin bütün təmir-bərpa işlərinin müqavilə bağlanan şirkətlər tərəfindən görüldüyünü bildirmişdi: “Tender elan edirdik. Hansı şirkət qalib gəlsə, lazım olan təmir işini də o görürdü. Şirkətlərlə müqavilə bağlayanda sənədləşmədə müfəttişlər iştirak edirdi. Şirkətlərə köçürülən puldan da müəyyən qədər “otkat” kimi geri qaytarılırdı”.
Qeyd edək ki, həbslə bağlı ilk məlumatı Bizim.Media yayıb.