“Sülh sazişini yekunlaşdırmaq üçün yeganə maneəni aradan qaldırmaq daha çox Ermənistanın bacarıq və istəyindən asılıdır. Bu maneə Ermənistanda konstitusion şəkildə təsbit edilmiş Azərbaycana qarşı ərazi iddialarıdır”.

"Unikal"ın məlumatına görə, bu sözləri ABŞ-də səfərdə olan Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Hudson” İnstitutunda keçirilən müzakirələr zamanı deyib.

O əlavə edib ki, sülh sazişinin mətninə baxdıqda öhdəsindən gəlinməyəcək başqa çətinlik görünmür.

“Bu yaxınlarda da qeyd edildiyi kimi, sülh sazişinin mətninin əksər hissəsi artıq razılaşdırılıb və geri qalan hissələri də həll oluna biləndir. Lakin biz münaqişənin mövcud olan ən böyük səbəbinə göz yumaraq irəli gedə və sülh sazişini imzalaya bilmərik. Bu səbəb isə odur ki, Ermənistanın bizə qarşı ərazi iddiaları var idi və bu iddialar konstitusiya hüququna əsasən hələ də aktualdır. Bu məsələ nə qədər tez həll olunsa, biz sonuncu mərhələyə o qədər tez yaxınlaşacağıq”,- deyə Elçin Əmirbəyov qeyd edib.