Bakıda 87 yaşlı qadına qarşı soyğunçuluq etməkdə şübhəli bilinən daha bir şəxs tutulub.
"Unikal" DİN-ə istinadən xəbər verir ki, Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyulun 26-da rayon ərazisində 87 yaşlı qadına qarşı soyğunçuluq etməkdə şübhəli bilinən qrupun digər üzvü, 45 yaşlı S.Əliyeva da müəyyən olunaraq saxlanılıb. Onun 75 yaşlı digər bir qadına zor tətbiq edərək içərisində pulu və bank kartları olan pulqabısını talaması da məlum olub.
Qeyd edək ki, bir neçə gün əvvəl polisə müraciət edən 87 yaşlı qadın iyulun 26-da günorta saatlarında Yasamal rayonu ərazisində yaşadığı evin yaxınlığında bir nəfərin ona zor tətbiq edərək içərisində 65 manat pulu və mobil telefonu olan çantasını taladığını bildirib.
Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq, dələduzluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 33 yaşlı Səməd Məmmədov müəyyən olunaraq saxlanılıb.