Binəqədi rayonunda “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla bağlı həbs edilən İbrahimov Tağı Hüseyn oğlu və Rzayev Toğrul Nazim oğlunun Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmənin hazırlıq iclası keçirilib.
“Unikal”ın məlumatına görə, təqsirləndirilən şəxs Tağı İbrahimov və Toğrul Rzayevin cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinə yenicə ezam olunan hakim Elmin Rüstəmov sədrlik edib. İlk olaraq təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə prosesi sentyabr ayının 5-nə kimi təxirə salınıb.
Qeyd edək ki, cinayət işində 44 nəfər zərərçəkmiş qismində tanınıb.
Tağı İbrahimova Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə, Toğrul Rzayevə isə həmin Məcəllənin 225.3-cü maddəsi ilə ittiham verilib.
Qeyd edək ki, Tağı İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşıdır, həmçinin o, ATV kanalının keçmiş prezidenti olub. Sözügedən ASC illər əvvəl “İBRA Holdinq”in prezidenti Tağı İbrahimov tərəfindən özəlləşdirilib.
Seymur Əli