London Universitet Kollecinin britaniyalı alimləri uzun sürən koronavirus infeksiyasının ən ümumi və ciddi simptomlarını müəyyən ediblər.
"Unikal" xəbər verir ki, araşdırma "Journal of Royal Society of Medicine" elmi jurnalında dərc olunub.
Komanda 2020-2022-ci illərdə COVID-19 olan 1000-dən çox xəstənin məlumatlarını təhlil edib. Onların dörddə birindən çoxu (26,5%) baş, oynaq və qarın nahiyəsində ağrılardan şikayətlənib.
COVID-19-un digər ümumi simptomları narahatlıq və depressiya (18,4%), yorğunluq (14,3%) və təngnəfəslik (nəfəs almaqda çətinlik) (7,4%) kimi neyropsikoloji problemlərdir.
Təhlillər göstərir ki, xəstəliyin diaqnozu qoyulandan bəri simptomların intensivliyi, xüsusilə də ağrı hər ay orta hesabla 3,3% artıb.
Tədqiqat yaşlı insanların simptomların daha yüksək intensivliyini yaşadığını təsdiqləyib.
Tədqiqatçılar COVID-19 üçün uzun müddətli xəstəxanaya yerləşdirmələrə və ağrıların idarə edilməsinə, eləcə də neyropsikoloji problemlər və yorğunluq kimi digər ümumi simptomlara üstünlük verən müalicə strategiyalarının işlənib hazırlanmasına davamlı dəstəyə çağırıblar.
Gülayə Mecid