Rusiya Prezidenti Vladimir Putin sentyabrın 3-də Monqolustana rəsmi səfər edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, dövlət başçısının səfəri Monqolustan Prezidenti Uxnaqiyn Xurelsuxun dəvəti ilə baş tutacaq. Səfər çərçivəsində Putin Sovet və Monqolustan silahlı qüvvələrinin Xalxin-Qol çayında yapon militaristləri üzərində birgə qələbəsinin 85-ci ildönümünə həsr olunmuş tədbirlərdə iştirak edəcək.
Rusiya Prezidenti monqolustanlı həmkarı ilə də danışıqlar aparacaq. Görüşdə ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunacaq, aktual beynəlxalq və regional problemlər ətrafında fikir mübadiləsi aparılacaq. Bundan başqa, səfər çərçivəsində bir sıra sənədlərin imzalanması da nəzərdə tutulub.
“Vladimir Putinin Monqolustanın Dövlət Böyük Xuralının (Parlament) sədri D.Amarbayasqalan və Monqolustanın Baş naziri L.Oyuun-Erdene ilə də danışıqları planlaşdırılır”, - məlumatda deyilir.
Xurelsux Putini hələ 2023-cü ilin oktyabrında Ulan-Batora səfərə dəvət edib. İyulun 3-də ŞƏT çərçivəsində keçirilən danışıqlarda Monqolustan rəhbəri ümid etdiyini bildirib ki, Rusiya Prezidentinin ölkəyə səfər etmək imkanı olacaq.