“Azərpoçt” MMC-nin adından dələduzluq halları davam etməkdədir.

"Unikal" xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Belə ki, müxtəlif sosial şəbəkələrdə saxta “Azərpoçt” səhifələri yaradılaraq itirilən, eləcə də, 6 aydan çox poçt şöbəsində qalan bağlamaların 2,28 AZN-ə satıldığı barədə məlumatlar paylaşılır. Paylaşımlarda bir sıra hədiyyələr təklif olunaraq vətəndaşlardan saxta keçidə daxil olmaq xahiş olunur.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara bu kimi hallara qarşı diqqətli olmağı, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi, həmçinin hər hansı bir qurumun adından kampaniya tipli məlumatlarla qarşılaşdıqda, məlumatın doğruluğunu birbaşa həmin qurumun özündən dəqiqləşdirməyi tövsiyə edir.

Məlumat üçün bildiririk ki, “Azərpoçt” tərəfindən heç bir zaman sahibsiz bağlamalar satışa çıxarılmır!

Bununla yanaşı vətəndaşlara “Azərpoçt”la bağlı şübhəli mesaj və bildirişlər aldıqda, dərhal “Azərpoçt”un 169 Çağı mərkəzi, eləcə də sosial şəbəkə hesabları vasitəsilə dəqiqləşdirmə aparmaq tövsiyə olunur.