Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda törədilməklə dələduzluq etmə) maddəsi ilə təqsirləndirilən şəxsin məhkəmə prosesinin hazırlıq iclası keçirilib.
"Unikal"ın məlumatına görə, təqsirləndirilən şəxs Məmməd Əmiraslan oğlu Ağakişiyevin şəxsi anket məlumatları dəqiqləşdirilib. Qeyd edək ki, təqsirləndirilən şəxs barəsində ibtidai istintaq dövründə "polis nəzarəti altına vermə" qətimkan tədbiri seçilib.
Sonra 5 nəfər zərərçəkənin və təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilən şəxs ittiham aktını almadığı üçün məhkəmə prosesi 16 sentyabr tarixinə kimi təxirə salınıb.
İttiham aktına görə, Məmməd Ağakişiyev 5 nəfərə dələduzluq yolu ilə Nardaran kəndi ərazisində torpaq satıb və onların 186 min manat pulunu alıb. Zərərçəkənlərin 2-si Qarabağ qazisidir. Məmməd Ağakişiyev cinayət işi başlayana kimi Kürdəxanı bələdiyyəsində şöbə müdiri olub.
Seymur Əli